Nəzarət gücləndirilib


Baxıldı : 308

Tarix : 2016-01-16 04:12:00


Qonşu ölkələrdə donuz qripi (H1N1) virusunun yayılması respublikamızda da narahatlığa səbəb olub. Türkiyə və Ermənistanda bu həftə də virusdan ölüm halı qeydə alınıb. Ermənistanla birbaşa təmas olmasa da, Türkiyəyə hər gün onlarla soydaşımız gedib-gəlir. Bu isə bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsini vacib edir. Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyi profilaktiki tədbirlərin gücləndirildiyini vurğulayır. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizdə donuz qripinə yoluxma halı qeydə alınmayıb: \ Bu günə kimi heç bir xəstə aşkar edilməyib və sərhəd-keçid məntəqələrindən xəstəlik barədə məlumat daxil olmayıb. Amma hazırda da sərhəddən keçən bütün nəqliyyat vasitələri dezinfeksiya edilir. Virusun yayıldığı ölkələrdən Azərbaycana gələn şəxslər tibbi müayinələrdən keçirilir. Bu sahədə gündəlik nəzarət təmin edilir və qeydə alınan hadisələr barədə Səhiyyə Nazirliyinə müntəzəm məlumat verilir. Əgər hər hansı bir xəstəlik halı müəyyən olunarsa, həmin şəxslər qeydiyyata götürülür. Amma donuz qripi mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yoluxan xəstəliyin intoksikasiya simptomları, qusma, ishal, güclü başağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, təngnəfəsliklə müşayiət olunur. Mövsümi qripdə ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda, bu virusda xəstəliyin 2-ci-3-cü günlərində ağırlaşmalar müşahidə edilir. Daxili orqanlar, xüsusən ağciyərlər zədələnir\ . Ekspertlərin qənaətinə görə, virusdan qorunmaq üçün insanların özləri də diqqətli olmalıdırlar: \ İnsanlar bilməlidirlər ki, xəstəliyin əsas göstəricisi yüksək hərarətdir. Amma hər yüksək hərarəti olan şəxsə donuz qripi diaqnozu qoymaq olmaz. Xalid AZƏR