Nağdsız ödəmələr genişləndirilməlidir\


Baxıldı : 222

Tarix : 2016-01-16 04:55:00


Müasir cəmiyyətdə nağdsız ödəniş sisteminin inkişafı və elektron ödəniş xidmətlərindən istifadənin genişlənməsi iqtisadiyyatda innovativliyin və şəffaf fəaliyyətin göstəricisidir. Bu, Azərbaycan hökumətinin də maliyyə-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. \ Biz nağd pul dövriyyəsi sferasını azaltmalıyıq. Nağdsız ödəmələr genişləndirilməlidir\ . Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Nağdsız ödəmə sisteminin ölkədə geniş şəkildə tətbiqinə yönəlmiş addımlar atılsa da bu sahədə inkşafda olan Avropa ölkələrinə nisbətdə geri qalırıq. Norveç, Danimarka kimi ölkələrdə nağd ödəniş ümumi ödənişin 5-9 faizini təşkil etsə də, Azərbaycanda bu rəqəm 50-55 faizə bərabərdir. Məsələ ilə bağlı suallarımızı İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təsisçisi, iqtisadçı-ekspert Ruslan Atakişiyev cavablandırdı.O, nağdsız ödəniş sisteminin şəffaflıq, təhlükəsizlik, rahat əməliyyat aparmaq imkanı kimi üstünlüklərini qeyd edərək cəmiyyətin inkişafı və Avropaya inteqrasiyada ölkəmizin bu sahədə daha çox irəliləyiş etməli olduğunu diqqətə çatdırdı. İnsanların nağdsız ödənişə güvənsizliyini, eyni zamanda bu proses zamanı ona yaradılan üstünlüklərdən xəbərsiz olduğunu bildirən ekspert əhali arasında maarifləndirmə işinin aparılmasının önəmini vurğuladı. O, bildirdi ki, regionlarda nağdsız ödənişə maraq daha azdır. Buna səbəb bölgələrdə POS-terminalların azlığı,insanların bu barədə yetərli məlumatının olmamasıdır. \ Paytaxtda və bölgələrdə POS-terminalların sayı çoxaldılmalı, insanların maariflənməsi yönündə müəyyən işlər görülməlidir. Onlara başa salmaq lazımdır ki, sən nağdsız ödəniş etdiyin zaman heç bir şey itirmirsən, üstəlik, vaxtına qənaət etmiş olursan. Bundan əlavə, stimullaşdırıcı addımlar da atılmalıdır. Belə ki, bəzi Avropa ölkələrində nağdsız ödəmə əməliyyatı zamanı ƏDV-dən azad olunma, müxtəlif vergi rüsumlarının azaldılması kimi üstünlüklərin təşkili insanların bu sistemdən geniş istifadəsinə şərait yaradır. Bu və ya digər stimulverici amillərin də ölkəmizdə tətbiqinə ehtiyac var. Misal üçün, qonşu Türkiyədə kartla edilən ticarət, ödəniş və s. əməliyyatlar zamanı qiymət ucuzlaşması, karta bonus yüklənməsi, müxtəlif hədiyyə kampaniyaları tətbiq olunur ki bu da müştərilərin nağdsız ödənişi seçməsinə zəmin yaradır. Düşünürəm ki belə kampaniyalar ölkəmizdə də həyata keçirilə bilər. Burada əsas məqsəd vətəndaşlarda plastik kartlarla əməliyyatlara maraq oyatmaq, onları nağdsız ödənişlərə təşviq etməkdir. ABŞ, Rusiya, Fransa, Bolqarıstan və s. ölkələrdə nağd ödəmə sistemində müəyyən limit tətbiq olunur. Bununla nağdsız ödəniş əhatəsi genişləndirilir. Azərbaycanda isə hazırkı sosial-iqtisadi vəziyyət nağd ödəmələrə limitin tətbiqi üçün münasib deyil. Xidmət sektorunda kartla ödənişə şərait yaratmaqla eyni zamanda ticarət obyektləri ilə birlikdə nağdsız alış-verişə endirim və hədiyyə kampaniyaları təşkil etməklə müəyyən irəliləyiş əldə etmək olar,\ -deyə ekspert bildirdi. R.Atakişiyev Azərbaycan Banklar Assosiasiyasının nağdlaşdırma zamanı 4 faizlik komissiya haqqının tutulmasına da münasibət bildirib. O, qeyd edib ki, bu qərar ölkədə qara bazar”ın fəailiyyətinə qarşı mübarizədir. Qərarın nağsız ödənişlərə tətbiq olunmamasını kartla aparılan əməliyyatlara stimulverici addım kimi qiymətləndirmək olar.Cavid SƏFƏROV