Nağdsız ödəmələr stimullaşdırılmalıdır


Baxıldı : 159

Tarix : 2017-03-31 23:17:00


Ölkəmizdə  nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi son illər daha çox sürətlənsə də, bu sahədə bir sıra problemlər hələ də qalmaqdadır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, "Nağdsız hesablaşmalar haqqında" qanunun qəbul edilməsinin məqsədlərindən biri ölkədə nağdsız hesablaşmaların həcmini artırmaqdır: "Bununla bağlı Yol Xəritəsində də yaxın gələcəkdə Azərbaycanda nağdsız əməliyyatların həcminin 35 faiz, sonra isə daha yuxarı həddə çatdırılması nəzərdə tutulub. Artıq müəssisələrdə  yanvarın 1-dən  etibarən nağdsız hesablaşmalarla bağlı islahatlar aparılır".

R.Atakişiyev  nağdsız ödəniş sisteminin şəffaflıq, təhlükəsizlik, rahat əməliyyat aparmaq imkanı kimi üstünlüklərini qeyd etdi.O, cəmiyyətin inkişafı və Avropaya inteqrasiyada ölkəmizin bu sahədə daha çox irəliləyiş etməli olduğunu diqqətə çatdırdı. Dedi ki, bu sahədə bəzi problemlər də var: "Regionlarda  paytaxta nisbətən nağdsız ödənişə maraq daha azdır. İnsanlar  əməkhaqlarını, pensiya və sosial müavinətləri nağd şəkildə almaqda maraqlıdırlar. Bunun bir səbəbi maarifləndirmənin düzgün aparılmaması, digər səbəbi isə bölgələrdə bankomatların, paypointlərin, POS-terminalların  sayının azlığı və internetə çıxışın zəif olmasıdır. Bəzi rayonlarda kartla alış-verişə marağın azlığı insanların psixoloji  cəhətdən nağd əməliyyatlara daha çox öyrəncəli olmasından irəli gəlir.  Həmçinin bəzi sahələrdə buna heç ehtiyac da duyulmur. Məsələn, bazarlarda  (mal bazarları, meyvə-tərəvəz bazarları və s.) nağd ödəniş daha keçərlidir". 

İqtisadçının sözlərinə görə, bankların yükü bölüşdürülməlidir. Nağdsız ödəmələrdə stimullaşdırılma tədbirləri aparılmalıdır.

Əsli ƏHMƏDOVA