Nağdsız ödənişlərin stimullaşdırılmasına ehtiyac var


Baxıldı : 39

Tarix : 2017-12-01 21:57:04


Nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə əlavə tədbirlər görüləcək. Bunun üçün Vergilər Nazirliyi tərəfindən iş aparılır. Avropa ölkələrinin təcrübəsinə əsasən, ölkəmizdə nağdsız qaydada ödənişlərə görə əlavə güzəştlərin edilməsi təklif edilir. Əsas hədəf insanları könüllü olaraq nağdsız ödənişlərə təşviq etməkdir.

Vergilər Nazirliyinin Əlaqələndirmə və İdarəetmə Departamentinin baş direktorunun müavini Ömər Cəfərov bildirib ki, əsasən bir ay ərzində əhalinin maaş və yaxud təqaüd kartlarından istifadə etdikləri hər bir nağdsız əməliyyata görə müəyyən bir faizləri, misal üçün, 2-3 faiz arasında vəsaitin yenidən karta qaytarılması, banklar və yaxud digər maliyyə təşkilatları tərəfindən həvəsləndirici tədbirlərin keçirilməsi, bu sahədə müsbət irəliləyişə nail olmasına kömək edə bilər. Ö.Cəfərovun sözlərinə görə, hazırda ölkəmizdə nağdsız ödənişlərin ümumi həcmi 10-11 faiz civarındadır. Halbuki bəzi Avropa ölkələrində bu rəqəm hətta 80 faizə çatıb. Ölkəmizdə nağdsız ödənişləri əngəlləyən digər səbəb də bəzi obyektlərdə POS terminalların olmamasıdır. Təklif edilir ki, qanunvericiliyə müvafiq dəyişikliklər etməklə satış obyektlərində POS terminallar yerləşdirməyən sahibkarlara cərimə tətbiq edilsin. Mərkəzi Bankın açıqladığı rəqəmə görə, ölkəmizdə dövriyyədə 5.3 milyon plastik kart var. Bu rəqəm isə nağdsız ödəmə ilə bağlı bəzi məcburiyyətlərin tətbiqinə səbəb ola bilər.

Ö.Cəfərov mətbuata açıqlamasında deyib: "Əhalinin böyük əksəriyyətində plastik kartlar var, biz təklif edirik ki, müəyyən məbləğdən yuxarı olan əməliyyatlar yalnız nağdsız qaydada həyata keçirilsin. Məsələn, insanların gündəlik həyatda istifadə etdikləri kommunal ödənişlər, vergi və digər dövlət rüsumlarının müəyyən həddən yuxarı hissəsi yalnız nağdsız qaydada aparılsın".

Onu da qeyd edib ki, bu təkliflərin gələcəkdə digər maliyyə qurumları ilə də müzakirəsi gözlənilir.

İqtisadçı-ekspert Vüqar Bayramov qəzetimizə verdiyi müsahibədə dedi ki, Azərbaycan infrastruktur baxımından nağdsız ödənişlərin həyata keçirilməsinə hazır deyil. Nağdsız ödənişlərin stimullaşdırılması üçün infrastrukturun inkişaf etməsi vacibdir. Eyni zamanda qonşu ölkələrin, o cümlədən Türkiyənin tətbiq etdiyi bonus sistemini tətbiq etmək olar: "Vətəndaşın rüb ərzində ticarət və ya xidmət sektorunda ödədiyi nağdsız ödənişlərin 5 faizi bonus şəklində onun hesabına qayıdır. Bu addım nağdsız ödənişlərə marağı artırar. Məsələn, Amerika Birləşmiş Ştatlarında yalnız nağdsız fəaliyyət göstərən sahibkarlıq subyektləri ƏDV-dən azad olunub və ya aşağı faiz ilə ƏDV ödəyicisidir, onlayn fəaliyyət göstərən şirkətlər isə ABŞ-ın satış vergisindən tamamən azaddırlar".

Mütəxəssisin sözlərinə görə, nağdsız ödənişlər ölkə iqtisadiyyatı üçün olduqca vacibdir: "Bu, ilk növbədə vergidən yayınmağın qarşısının alınmasında, şəffaflığın artırılmasında, dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsində mühüm əhəmiyyətə malikdir. Vətəndaşın öz vəsaitini banklarda, plastik kartlarda saxlamağa üstünlük verməsi onun itmə və oğurlanma riskini azaldır. Yəni nağdsız hesablaşmalar daha təhlükəsizdir və plastik karta yüklənən vəsaitdən dünyanın istənilən nöqtəsində istifadə edə bilər".

Apardığımız araşdırmaların nəticələrinə görə, ölkəmizdə bir sıra banklarda (Unibank, Express Bank və s.) "cashback" imkanı var. Yəni plastik kart sahibləri ölkədaxili kart vasitəsilə POS terminallar ilə ödəniş edərkən tərəfdaş və digər ticarət, əyləncə mərkəzlərində xərclədikləri vəsaitin 0.3 faizdən 30 faizədək hissəsini "cashback" (karta geri) alırlar.

Günel QULİYEVA