“Nağıl dolu dünya”


Baxıldı : 33

Tarix : 2020-02-07 13:47:21


Yarat Müasir İncəsənət Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin müəllim və şagirdləri “Könüllülər ili”nə həsr olunmuş “Nağıl dolu dünya” adlı konsert-tamaşa təqdim edib.

Konsert-tamaşa 4 musiqili nağıldan ibarət idi.

Tariximizlə bağlı olan birinci nağılda tərtibatçılar Qobustanın qayalarını və daş nağaranın səhnə təcəssümünü canlandırmağa çalışıblar. Bu istəyi rəqs edən və nağara çalan şagirdlər məharətlə həyata keçirməyi bacardılar. Nənənin nəvələri ilə dialoqundan ibarət olan ikinci nağıl Q.Qarayev musiqisi əsasında qurulub. Nəvələr nənələrə öz təəssüratlarını bəstəkarın “Don Kixot” simfonik qravürlərindən, “İldırımlı yollarla” və “Yeddi gözəl” baletlərindən parçalar səsləndirməklə çatdırdılar. Özəyi xalq musiqisi olan üçüncü nağılda şagirdlər xalq mahnıları, rəqs nümunələri və instrumental parçalar ifa etdilər. Doğma yurdumuza həsr olunan dördüncü nağılda şagirdlər Azərbaycana olan sevgilərini musiqinin dili ilə paylaşdılar.

Konsert-tamaşanın bədii rəhbəri və ideya müəllifi məktəbin direktoru, əməkdar müəllim, professor Adilə xanım Yusifovadır. O, çıxışında  qeyd etdi ki: “Dünyada nağıllar çoxdur. Hər bir xalqın öz nağılları var. Bizim bu gün səhnələşdirdiyimiz nağılımız isə keçmiş və gələcəyimizlə, xalq musiqimiz və bəstəkar əsərlərimizlə sıx bağlıdır. Biz tədbirimizlə şagirdləri Azərbaycan Respublikasının bilikli, bacarıqlı və vətənpərvər övladları olmağa çağırırıq”.

Konsert-tamaşa qonaqların alqışları altında  yüksək ruhla tamamlandı.

 

Ülkər Əlibalayeva,

musiqişünas