“Nailiyyətlərdə komitəmizin də payı var"


Baxıldı : 127

Tarix : 2018-01-05 23:32:02


"Həmkarlar ittifaqları əmək hüquqlarının qorunmasında vacib bir təsisatdır"

2013-2018-ci illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin Əsas İstiqamətlərindən)

 

Əsas mətləbə keçməmişdən əvvəl deyim ki, xidmətimizdə olan SOCAR-ın "Kompleks Qazma İşləri" Tresti dövlət sifarişlərini və bağlanmış müqavilələrə müvafiq qəbul edilmiş istehsal proqramlarının əsas göstəricilərini yerinə yetirmişdir. Bu nailiyyətdə həmkarlar ittifaqı komitəsinin də payı var. Təşkilatımızın da iştirakı ilə kadrların peşə hazırlığı, ixtisaslarının artırılması və təkmilləşdirilməsi təşkil edilmişdir. Özüllərdə çalışan işçilərin mədəni-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüşdür. Həmkarlar ittifaqı ilboyu işçilərin sosial, əmək, hüquqi mənafelərinin müdafiəsi ilə bağlı qanunvericilik aktlarının tətbiqini nəzarətdə saxlamışdır. Əməkhaqqının ödənilməsi, sosial problemlərin həllinə struktur bölmələrin rəhbərləri tərəfindən vaxtında və düzgün əməl edilməsi diqqət mərkəzində olub.

Spesifik xüsusiyyətlərini və iş şəraitini nəzərə almaqla iş vaxtının müddəti həmkarlar ittifaqının razılığı ilə təsdiq edilir. Komitə əmək intizamına riayət edilməsinə ictimai nəzarəti də həyata keçirir.

Trestin 2529 işçisi var. İşçilərin və ailə üzvlərinin fiziki sağlamlığının bərpası və istirahətinin təşkili məqsədilə onlara sanatoriyalara, istirahət mərkəzlərinə güzəştli qiymətlərlə yollayışlar verilir.

Uzun müddət xəstə yatan işçiləri HİK və trestin nümayəndələrindən yaradılmış xüsusi komissiya üzvləri ziyarət edirlər. Onlara maddi yardım göstərilir. Sağlamlıqdan söhbət düşmüşkən deyim ki, neft və qaz sənayesi işçiləri arasında keçirilən spartakiadalarda trestin ayrı-ayrı idman növləri üzrə yığma komandaları fəal iştirak edir və mükafata layiq yerlər tutur.

Dövlət, milli, dini bayramların kollektiv qeyd edilməsi ənənə halını alıb. İşçilər xüsusi geyimlər, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, normalara uyğun sanitar və məişət xidməti otaqları ilə təmin olunurlar. Hər biri ilkin və vaxtaşırı tibbi müayinələrdən keçirilib, iş yerlərinə lazımi dərman preparatları qoyulub. Əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərə müəyyən olunmuş normalar və qaydalar əsasında pulsuz süd verilir.

Kollektiv müqavilələrin trestin idarəetmə aparatında və istehsalat bölümlərində icrası mütəmadi olaraq HİK tərəfindən yoxlanılır. Bütün bu uğurlarımız bizim üçün hələ son hədd deyil. Gələcəkdə daha böyük uğurlara imza atmağa hər cür imkanımız var.