Nailiyyətlərin əsasında ümummilli liderin ideyaları durur


Baxıldı : 60

Tarix : 2019-02-11 04:25:36


Gəncə Dövlət Universitetində 2 Fevral -  Azərbaycan Gəncləri Günü qeyd olunub. Tədbirdə çıxış edən rektor, professor Yusif Yusibov 2 Fevral - Azərbaycan Gəncləri Gününün respublikamızda təntənə ilə qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu vurğulayıb.

Deyib ki, bu gün gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir.

“Bu gün təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. Çünki qazanılan bütün nailiyyətlər məhz ulu öndər Heydər Əliyev ideyalarından güc alır”, - deyə Y.Yusibov qeyd edib.

Universitet həmkarlar ittifaqı komitəsinin sədri Afaq Qasımova tələbələrə göstərilən diqqət və qayğıdan, həmçinin onların həm təhsildə, həm də idman sahəsindəki nailiyyətlərindən danışıb.

Sonda universitetin və Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına görə bir qrup gənc Fəxri fərmanlarla təltif olunub.