“Narkomaniyaya yox!”


Baxıldı : 105

Tarix : 2018-01-12 22:33:42


Yanvarın 10-da H.Əliyev adına Ali Hərbi Məktəbdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox!” devizi altında seminar keçirilmişdir.

Seminarda çıxış edən Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev demişdir ki, Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünya əhalisinin 250 milyon nəfəri narkomaniya adlı ağır bəlanın əzabını yaşamaqdadır. Təəssüf ki, bu xəstəlik Azərbaycanda da mövcuddur. Ötən il respublikamızda 26717 nəfər narkoman qeydə alınıb ki, onların da 60 faizi gənclərdir.

Sədr müavini demişdir, narkomaniya ilə mübarizə respublikamızda dövlət səviyyəsində aparılır. Ölkə başçısı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamda bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması təxirəsalınmaz vəzifə kimi qarşıya qoyulub.

Ə.Mehdiyev Azərbaycan həmkarlar ittifaqlarının “Narkomaniyaya yox!” devizi altında həyata keçirdiyi müxtəlif formatlı tədbirləri də seminar iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirdə AHİK-in etimadlı həkimi Söhrab Mansurov, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov çıxış edərək narkomaniyanın fəsadlarından danışdılar. Qeyd etdilər ki, maarifləndirmə işi daha da gücləndirilməlidir.

Respublika Komitəsinin təşkilatçılığı ilə bu mövzuda daha bir seminar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilmişdir.