Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət qulluğuna aid siyahıda döllük, damazlıq və süni mayalanma təsərrüfatlarında çalışan işçilər dövlət qulluqçusu hesab edilirmi? Mən 2006-cı ilə qədər 8 il Abşeron 2-ci qayda üzrə Repraduktor təsərrüfatında aparıcı i


Baxıldı : 30

Tarix : 2018-10-06 04:51:44


Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət qulluğuna aid siyahıda döllük, damazlıq və süni mayalanma təsərrüfatlarında çalışan işçilər dövlət qulluqçusu hesab edilirmi? Mən 2006-cı ilə qədər 8 il Abşeron 2-ci qayda üzrə Repraduktor təsərrüfatında aparıcı iqtisadçı vəzifəsində, 2 il Goradil damazlıq quşçuluq fabrikində baş iqtisadçı vəzifəsində və 11 il Vergilər Nazirliyi sistemində işləmişəm. 2006-cı ilə qədər 30 il iş stajım var. Yuxarıda göstərilən iş yerləri Dövlət qulluğuna aiddirmi?

 

Yaşar QULİYEV, Bakı şəhəri.

 

-Azər

baycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiq edilmişdir. Həmin Siyahının 1.18. sırasında 1991-ci il oktyabrın 18-dək rayon aqrar sənaye birliklərinin aparatında mövcud olan baş mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis və mütəxəssis vəzifələri göstərilmişdir. Həmin vəzifələr İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda yer alan Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrinin aparatında baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi vəzifələrinə uyğunlaşdırılmışdır. Qeyd edək ki, bu zaman baş mühasiblər də mütəxəssis vəzifələri kimi nəzərdə tutulmuşdur.

Sizin məktubunuzda qeyd etdiyiniz döllük, damazlıq və süni mayalanma təsərrüfatları və aparıcı iqtisadçı vəzifəsi qeyd etdiyimiz Siyahıda ayrıca göstərilməmişdir.

Əmək pensiyaları, eləcə də dövlət qulluqçusu kimi pensiya təyin edilməsi məsələləri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məşğul olur. Odur ki, bu haqda dəqiq məlumat almaq üçün qeyd olunan quruma müraciət etməyiniz tövsiyə olunur.

Nəzərinizə çatdırırıq ki, Vergilər Nazirliyi sistemində çalışdığınız dövr dövlət qulluğu stajına aiddir.

 

 

Yaşa görə pensiya almaqla bərabər işləyirdim. Bir aydır ki, işdən çıxmışam. İşsiz kimi qeydiyyata durmaq üçün müraciət etdim. Pensiyaçı olduğuma görə qeydiyyata almadılar, bu, düzgündürmü?

    

Lətafət AXUNDOVA, Bakı şəhəri.

 

-Yeni qəbul edilmiş “Məşğulluq haqqında”qanunda işsiz şəxsin anlayışı verilib. İşsiz şəxs  dedikdə, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs başa düşülür. Yaşa görə pensiya alan şəxslər isə əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs hesab edilmir. Qanunun 5.12.4. maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir.

Qanunun 5.11.2. maddəsinə uyğun olaraq  işsiz kimi qeydiyyata alınmış şəxslərin “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda onların qeydiyyatı ləğv edilir.

 

Məktəbi qurtarandan sonra işə düzəlmişəm. Sonra Vətən qarşısında borcumu vermək üçün hərbi xidmətdə olmuşam. Universitetin axşam şöbəsində təhsil almışam. Təhsil aldığım illərdə də gündüz  işləmişəm. Sonra da həmişə işləmişəm. İndi pensiya yaşım çatıb. Bilmək istəyirəm, hərbi xidmətdə olduğum dövr, təhsil aldığım müddət mənim sığorta stajıma daxil edilirmi? Ümumiyyətlə, sığorta stajı nədir və ona hansı dövrlər daxildir?

    

Əmir NƏBİYEV, Sumqayıt şəhəri

 

-Pensiya qanunvericiliyinə əsasən, hərbi xidmətdə olduğunuz müddət sizin sosial sığorta stajınıza daxildir. Universitetin axşam şöbəsində təhsil aldığınız müddətdə işlədiyinizə görə həmin müddət də sosial sığorta stajına daxil edilir.

“Əmək pensiyaları haqqında” qanunun 1-ci maddəsində sosial sığorta stajının anlayışı belə açıqlanır-sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərindən “Əmək pensiyaları haqqında”  qanunun 21-ci maddəsində bəhs edilir.

Həmin maddəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər də sığorta stajına  daxil edilir:

- işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;

- yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət;

- müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;

- işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət;

- əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət;

- zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət;

- şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;

-  mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət;

- hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).