Nazirliyin 100 illiyi münasibətilə konfrans


Baxıldı : 75

Tarix : 2018-12-28 05:55:57


Dekabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda nazirliyin yubileyinə həsr olunmuş film nümayiş etdirilib.

Konfransı açan Baş nazirin müavini Əli Əhmədov ulu öndər Heydər Əliyevin Azərbaycanda sosial inkişafın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük xidmətlərini qeyd edib.

O, ulu öndərin dövlətçilik fəlsəfəsinin əsas xəttini məhz sosial rifah amili təşkil etdiyini, ümummilli liderin Azərbaycanda sosial dövlət ideyasını uğurla gerçəkləşdirdiyini vurğulayıb. Baş nazirin müavini son 15 ildə Prezident İlham Əliyevin ölkəmizin bütün sahələrdə dinamik inkişafını, eyni zamanda, sosial sahədə mühüm irəliləyişləri, sosial müdafiə sisteminin daim güclənməsini uğurla təmin etdiyini bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxışında Azərbaycan Xalq Cümhuriyyəti hökumətindəki Əmək Nazirliyinin fəaliyyətindən danışıb. Son 15 ildə sosial təminat sisteminin mütəmadi gücləndiyini və əhatə dairəsinin genişləndiyini bildirdi. Pensiya, məşğulluq, özünüməşğulluq sahəsində qazanılan uğurlu nəticələri konkret rəqəmlərlə diqqətə çatdırdı.

Konfransda Milli Məclis Sədrinin müavini Bahar Muradova, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və başqaları çıxış edərək ölkəmizdə sosial müdafiə sisteminin inkişafına yönəlmiş tədbirlərdən, dövlətin sosial siyasətindən danışıb, nazirliyin fəaliyyətinə uğurlar arzulayıblar.

Sonra nazirliyin strukturlarında uzun illər çalışmış işçilər və “sosial elçilər”, 100 illiklə əlaqədar  fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri təltif ediliblər.

Konfrans işini “Sosial müdafiə sistemi və onun əsas prioritetləri” və “Əmək bazarı, məşğulluq və əmək münasibətləri” mövzularında sessiyalarla davam etdirib.