“Nazirliyin uğurunu həm də həmkarlar ittifaqının uğuru sayırıq”


Baxıldı : 62

Tarix : 2017-09-08 18:40:44


"İttifaqımız üzvlərinin sosial-iqtisadi mənafelərinin və əmək hüquqlarının müdafiəsi üçün sosial dialoqun qurulmasına, kollektiv saziş və müqavilələrin bağlanmasına, sosial tərəfdaşlıq prinsiplərinin bütün vəsilələrdə tətbiq olunmasına xüsusi önəm verir". Bu sözlər Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sentyabrın 8-də keçirilmiş III qurultayına hesabat məruzəsindən götürülüb. Hesabat məruzəsi ilə çıxış edən sahə Hİ Respublika Komitəsinin sədri Emin Əfəndiyev sonra dedi, Səhiyyə Nazirliyi ilə Respublika Komitəsi arasında Baş Kollektiv Sazişə əsaslanan Sahə (tarif) Kollektiv Saziş bağlanılır.

Qeyd etmək lazımdır ki, hazırda qüvvədə olan Sazişdə tibb işçiləri üçün bir sıra təminatlar və güzəştlər nəzərdə tutulmuşdur. Bu sənədə görə, qulluqçu vəzifələrin və texniki peşələrinin Vahid Tarif - İxtisas Sorğu Kitabçası yenidən hazırlanmalıdır. Əlil işçilərə, əlillik qrupundan asılı olaraq, vəzifə tarif maaşının 10, 15, 20, 25 faizi miqdarında əlavə əməkhaqqı verilməlidir. Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır.

Sazişin icrası çox səmərəli nəticələr vermişdir. Təkcə bir faktı deyim ki, Vahid Tarif - İxtisas Sorğu Kitabçasının yenidən hazırlanıb icra olunması ilə on minlərlə kiçik tibb işçisi, tibb bacısı və tibb qeydiyyatçılarının əməyinin ödəniş dərəcəsi artmış, infeksiya şöbələrində çalışan kiçik tibb işçilərinin güzəştli pensiya, tibb qeydiyyatçılarının məzuniyyət hüquqları bərpa olunmuşdur.

Üzv təşkilatlarda da kollektiv müqavilələrin hazırlanmasına, öhdəliklərin yerinə yetirilməsinə ciddi yanaşılmışdır. Hesabat dövründə 382 kollektiv müqavilə qüvvədə olmuşdur ki, bu da sahənin bütün həmkarlar ittifaqı üzvlərini əhatə etmişdir.

Qeyd edim ki, hazırda növbəti 2018-2020-ci  illər üçün Sahə (Tarif) Kollektiv Sazişin bağlanmasına dair Səhiyyə Nazirliyinin aidiyyəti komissiyası ilə danışıqlar davam etdirilir. Ümidvarıq ki, həmkarlar ittifaqı tərəfindən təklif olunan yeni sosialyönümlü təkliflər növbəti Saziş və müqavilələrdə də  öz əksini tapacaqdır.

Məruzədə deyildi, son dövrlərdə Əmək Məcəlləsinə olunan əlavə və dəyişikliklərin, bir sıra normativ-hüquqi sənədlərin, yeni qərarların qəbulu bizi işçilərin hüquq və maraqlarının qorunmasına daha çevik və həssaslıqla yanaşmağa məcbur edir. Bu məqsədlə Respublika Komitəsi tərəfindən zona seminarları, məşğələlər təşkil edilmiş, həmkarlar ittifaqı təşkilatlarının sədrlərinə, səhiyyə müəssisələrinin maliyyə və kadr işləri üzrə mütəxəssislərinə, həmkarlar ittifaqı fəallarına yeni qanun və normativ sənədlərin tətbiqi ilə əlaqədar praktiki köməklik göstərilmişdir.

Hesabat dövründə Respublika Komitəsinin mütəxəssisləri 81 səhiyyə müəssisəsində ictimai nəzarət həyata keçirmişlər. Müəssisələrdə işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilməsinin vəziyyəti öyrənilmişdir.

İttifaqımız bədbəxt hadisələrin, istehsalat qəzalarının baş verməməsinə, peşə xəstəliklərinə tutulma hallarının minumuma endirilməsinə çalışmışdır.

Respublika Komitəsi Səhiyyə Nazirliyi ilə birgə işçilərin əməyinin mühafizəsi üzrə ayrı-ayrı peşələr və xüsusi növ işlərə dair beş nümunəvi təlimat hazırlamış, səhiyyə müəssisələrinə göndərmişdir.

Respublika Komitəsinin müvafiq şöbəsi 125-dən artıq səhiyyə müəssisəsində əməyin mühafizəsinə dair 384 pozuntu aşkar etmiş, bu haqda 96 yazılı təqdimat vermişdir.

Aşkar edilmiş pozuntuların 350-si aradan qaldırılmış, 34-nün müddət tələb edildiyindən, tədricən aradan qaldırılacağı bildirilmişdir.

Təhlil göstərir ki, aşkar edilmiş pozuntular əsasən iş yerlərinin attestasiyasının keçirilməməsi, işçilərin xüsusi geyim, fərdi və kollektiv mühafizə vasitələri ilə təmin edilməməsi, əmək müqaviləsinin əməyin mühafizəsi bölməsinin düzgün tərtib edilməməsi və sair məsələlərə aid olmuşdur.

Tibb işçilərinin sağlamlıqlarının qorunması və ailə üzvlərinin istirahətlərinin təşkili Respublika Komitəsinin daim diqqət mərkəzində olmuşdur.

2016-cı ilin may ayında səhiyyə işçiləri həmkarlar ittifaqına məxsus "Şəfa-Qusar" Sağlamlıq Mərkəzi İstifadəyə verildikdən sonra üzvlərimizin istirahətinin təşkilində dönüş olmuşdur. Belə ki, 2005-2012-ci illər ərzində Respublika Komitəsinin büdcə vəsaiti hesabına 3354 nəfərin istirahəti təşkil olunmuşdursa, istifadə verildiyi təxminən 1 il 3 ay ərzində yalnız "Şəfa-Qusar"da 6118 nəfər istirahət etmişdir.

Emin müəllim ittifaqın fəaliyyətinin digər sahələrinə də toxundu.

Sonra təftiş komissiyasının məruzəsi dinlənildi.

Hər iki məruzə ətrafında çıxışlar oldu. Çıxış edənlər - Səhiyyə İşçiləri Həmkarlar ittifaqı Naxçıvan Muxtar Respublikası Komitəsinin sədri Yəmən Rzayeva, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Şurasının sədri Allahverdi Alıyev, Sumqayıt Şəhər Şurasının sədri Elmira Quliyeva, "Şəfa-Qusar" Sağlamlıq Mərkəzinin direktoru Zeynəddin Xasmətov və başqaları hesabat məruzəsini bütövlükdə qənaətbəxş qiymətləndirdilər.

Tədbirdə Səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək əldə edilən uğurları diqqətə çatdırdı.

Dedi ki, son illərdə ölkə üzrə müasir tələblərə cavab verən çox sayda səhiyyə ocağı istifadəyə verilib. Tibb işçilərinin ixtisaslarının artırılması istiqamətində böyük irəliləyişlərə nail olunub. Pilləli təhsil sisteminə keçilib. Sağlam gələcəyimizi təmin etmək məqsədilə 250 min gənc nikahdanqabaq tibbi müayinəyə cəlb olunub.

Nazir müavini qurultayda səslənən bəzi problemlərə və təkliflərə də münasibət bildirdi.

Qeyd etdi ki, nazirlik həmişə sahə həmkarlar ittifaqı ilə birlikdə, məsləhətli şəkildə fəaliyyət göstərib. Ona görə də biz öz uğurlarımızı elə həmkarlar ittifaqının uğurları sayırıq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin sektor müdiri Elman Paşayev çıxışında həmkarlar ittifaqının cəmiyyətimizdə tutduğu mövqeyi, onun inkişafında oynadığı rolu yüksək qiymətləndirdi. Dedi ki, Azərbaycan həmkarlar ittifaqı ən qədim, ən kütləvi və tarixin sınaqlarından çıxmış qurumdur. Natiq Azərbaycan həmkarlar ittifaqının ötən əsrin 90-cı illərində üzləşdiyi çətinlikləri, ümummilli lider Heydər Əliyevin bu təşkilata göstərdiyi dəstəyi xatırlatdı. Bildirdi ki, həmkarlar ittifaqı sıralarında birləşmək azadlığına qarşı heç kim çıxa bilməz. İşçilərin bu azadlığı dövlətimiz tərəfindən də müdafiə edilir.

Sonra söz AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə verildi.

S.Möhbalıyev əmin olduğunu bildirdi ki, qurultayda qəbul edilmiş qərarlar tibb işçilərinin hüquqlarının gələcəkdə daha yaxşı qorunmasına kömək edəcək. Sonra dedi, işçilərin hüquqlarının yerlərdə pozulmasına imkan verməmək ilk təşkilatların başlıca vəzifəsidir. Çünki sahə həmkarlar ittifaqı mərkəzlərinin, AHİK-in nüfuzu ilk təşkilatların kollektivlərdə qazandığı nüfuzdan asılıdır. Nüfuz isə komitələrə keçirilən seçkilərin nə dərəcədə obyektiv baş tutması ilə bağlıdır. Məhz kollektivin formalaşdırdığı komitə, seçdiyi sədr mübariz olur. Əks halda komitə müəssisə rəhbərliyinin "buyruq quluna" çevrilir.

Səttar müəllim kollektiv müqavilələrin hazırlanması və icrası məsələsinə də münasibətini bildirdi. Dedi ki, müəssisələrin imkanları nəzərə alınmaqla kollektiv müqavilələrdə işçilərin mənafeyi maksimum dərəcədə əksini tapmalıdır.

S.Möhbalıyev dedi ki, təşkilatımızın gələcəyi gənclərlə bağlıdır. Ona görə də biz gənclərə imkanımız daxilində diqqət yetiririk. Məsələn, əlaçı və ictimai işlərdə fərqlənən tələbələrə "Adlı təqaüd", orta məktəb şagirdlərinin bir qisminə təqaüd veririk. 4 minə yaxın imkansız ailədən olan tələbə həmkarlar ittifaqının vəsaiti hesabına universitetlərdə pulsuz nahar edir. Yay mövsümündə tələbələrin, şagirdlərin bölgələrimizdəki düşərgələrdə istirahəti təşkil olunur. Biz gənclərə qayğı göstəririk. Lakin bu qayğının ideoloji tərəfi sahə həmkarlar ittifaqları tərəfindən zəif həyata keçirilir.

AHİK sədri digər məsələlər barədə də qurultay iştirakçıları ilə öz fikrini bölüşdü, tövsiyələrini verdi.

Sonda təşkilati məsələyə baxıldı. Qurultay yenidən Emin Əfəndiyevi Respublika Komitəsinin sədri və Cavid Məmmədovu sədr müavini seçdi.

Qurultay yekdilliklə S.Möhbalıyevin AHİK-in V qurultayında yenidən AHİK sədri vəzifəsinə namizədliyinin irəli sürülüb müdafiə olunması barədə qərar qəbul etdi.

 

 

Bəyalı RZAYEV