Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrik


Baxıldı : 29

Tarix : 2019-11-08 05:16:47


Hörmətli neftçilər!

Sizi Neft Daşlarının 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

1949-cu il noyabrın 7-də Bakıda, Neft Daşlarında ilk neft fontanının vurması və dünya təcrübəsində birinci dəfə açıq dənizdə neft hasilatına başlanması neft sənayesinin inkişafında mühüm hadisə idi. Məhz Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində dənizdə neftçıxarmanın mümkünlüyü ideyası gerçəkləşdi və dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının başlanğıcı qoyuldu. Bu eyni zamanda Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxardı. Nadir Neft Daşları yatağının kəşfi bir çox dənizlərdə axtarış-kəşfiyyat işlərinə güclü təkan verdi. Hazırda dünyada karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür və dənizlərin dərinlikləri fəth olunmaqdadır. Fəxr edirik ki, həmin proseslərin mənbəyi bizim əfsanəvi Neft Daşlarıdır.

Ölkəmizin neft sənayesi tarixində müstəsna əhəmiyyətə malik Neft Daşlarında qazanılan təcrübə Xəzərin daha dərin sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə əlverişli zəmin yaratmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik rəhbərliyi altında 1970-ci illərdə neft sənayesinin müasirləşdirilməsi istiqamətində görülən işlər qısa müddətdə yeni yataqların kəşfi və istismarına yol açmışdır. Ulu Öndər Neft Daşlarını respublikamızın alim və mütəxəssislərinin mühəndis fikrinin, elmi və texniki mədəniyyətinin milli təcəssümü kimi qiymətləndirmiş, müstəqil dövlətimizin uğurlu neft strategiyasının təməllərinin məhz Neft Daşlarında qoyulduğunu xüsusi vurğulamışdır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə bu gün də regional və qlobal miqyaslı enerji layihələri müvəffəqiyyətlə həyata keçirilir.

Ötən müddət ərzində böyük məsafə qət edərək dəniz şəraitində müasir infrastrukturlu istehsalat “şəhəri”nə çevrilən Neft Daşları indi öz inkişafının yeni mərhələsini yaşayır. Əminəm ki, Neft Daşları yatağının zəngin ehtiyatları bundan sonra da uzun illər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə və xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bu yolda hamınıza nailiyyətlər arzulayıram.

 

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

 Prezidenti

Bakı şəhəri, 6 noyabr 2019-cu il

 

 

 

Rəsmi xronika

 

 

 (noyabrın 04-də)

...Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edib.

(noyabrın 06-da)

...Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə üç nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncam imzalayıb.

...Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin 3-cü dərəcəli “Əmək” ordeni ( 3 nəfər) və “Tərəqqi” medalı ilə (7 nəfər) təltif edilməsi haqqında Sərəncam imzalayıb.

...Azərbaycan Respublikasının televiziya və radio işçilərinə “Əməkdar jurnalist” (9 nəfər), “Əməkdar mədəniyyət işçisi”     (7 nəfər), “Əməkdar incəsənət xadimi”  (1 nəfər), “Əməkdar artist” (1 nəfər) və “Əməkdar mühəndis” (2 nəfər) fəxri adlarının verilməsi haqqında Sərəncam imzalayıb.

...Azərbaycan Respublikasının televiziya və radio işçilərinin “Tərəqqi” medalı ilə ( 13 nəfər) təltif edilməsi haqqında Sərəncam imzalayıb.