Neft Fondu gələn ili 1,5 milyard manat kəsirlə başa vuracaq


Baxıldı : 256

Tarix : 2015-11-20 05:03:00


Dövlət Neft Fondu (ARDNF) aktivlərini 2017-ci ilədək 35 milyard dollar səviyyəsində saxlamaq niyyətindədir . Fondun departament rəhbəri Bəhruz Bəhramov bildirib ki, neftin qiymətinin 2 dəfə ucuzlaşması gəlirlərin də bu həcmdə azalmasına səbəb olub. 2015-ci ilin 9 ayının yekunları üzrə fondun aktivləri 34,7 milyard dollar təşkil edib. Fond yaxın 3 ildə gəlirlərinin artmasını gözləmir və azalmanın qarşısını almaq üçün ssenarilər hazırlayacaq. Fond 2016-cı ilin sonuna kimi aktivlərin 35 milyard dollar səviyyəsində qalması üçün büdcəyə transfertlərin azaldılması və qənaətlə xərclənməsi, həm də ehtiyatların səmərəli idarə olunması strategiyası yürüdəcək. B.Bəhramov deyib ki, 2016-cı ildə qənaət rejiminin əsas istiqaməti dövlət büdcəsinə transfertlərin həcminin 4 milyard manat azalmasıdır. Fond gələn il dövlət büdcəsinə 6 milyard manat səviyyəsində vəsait köçürəcək, amma buna baxmayaraq, gəlirlər də 30% azaldığından 2016-cı ili 1,5 milyard manat kəsirlə başa vuracaq. Xarici ölkələrin maliyyə qurumlarımda idarəetməyə verilmiş ehtiyatların diversifikasiyasına uyğun olaraq bəzi dəyişikliklər nəzərdə tutulur. Belə ki, ABŞ fond bazarında səhmlərə yatırılan kapital oradan çıxarılaraq Avropa fond bazarlarına transfer edilə bilər. Neft Fondu bu addımı ABŞ-da uçot dərəcəsinin artırılıb-artırılmaması barədə qərarından sonra atacaq. Yaxın vaxtlarda Amerika hökuməti belə bir qərar qəbul etsə, DNF oradakı sərmayələrini minimuma endirəcək və əsas kapitalı Avropa Mərkəzı Bankına yönəldəcək.DNF öz qızıl ehtiyatlarının artırılması və idarə olunmasında da yeni strateji hədəflər müəyyən etmək fikrindədir. Fond Mərkəzi Bankda saxlanılan qızıl ehtiyatını özünün rezerv bazasına inteqrasiya etmək, öz binasına köçürməyi planlaşdırır. Hazırda bu istiqamətdə iş aparan qurum binanın tam təhlükəsizliyi, saxlanma anbarının və rezerv sahəsinin tam gücləndirilməsi və digər prosesləri həyata keçiməkdədir.ELBRUS