Neft Fondu əlavə itkilərdən sığortalanıb


Baxıldı : 324

Tarix : 2015-01-31 04:48:00


Dövlət Neft Fondunun (DNF) 2015-ci il üçün büdcəsi təsdiq edilib. Fondun builki gəlirləri 10 milyard 246 milyon manat, xərcləri isə 11 milyard 813 milyon manat təşkil edəcək. DNF-in büdcə gəlirləri bir neçə mənbədən formalaşacaq. İlk növbədə buraya Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər, vəsaitlərin idarə olunmasından əldə olunan dividentlər daxildir. Həmin mənbədən fondun büdcəsinə 9,7 milyard manat vəsait daxil olacağı gözlənilir. Cari ildə fond özünün valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından da təxminən 500 milyon manat qazanacaq. Qanunvericiliyə uyğun olaraq Dövlət Neft Fondunun digər mənbələrdən əldə etdiyi gəlirlər 100 min manat təşkil edəcək.Məsələ ondadır ki, Neft Fondu 2015-ci ildə 10 milyard 246 milyon manat qazanc əldə etdiyi halda, bundan 1,6 milyard manata yaxın pul xərcləməli olacaq. Belə ki, 11 milyard 813 milyon manat xərcin 10,3 milyard manatı büdcənin xərclərinə, əsasən də dövlət büdcəsinə transfert və sosial məsələlərə yönəldiləcək. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə isə fond öz büdcəsindən 150 milyon manat ayıracaq. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə isə 111 milyon 487 min manat vəsait xərclənəcək. Həmçinin \ 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı\ nın maliyyələşdirilməsinə 44 milyon, \ Cənub\ Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 997 milyon manat yönəldiləcək. Fondun gəlirləri neftin ucuzlaşması ilə əlaqədar olaraq azalacağından 2015-ci ildə bəzi layihələrə vəsait ayrılması təxirə salınacaq. Əgər həmin layihələrin maliyyələşdirilməsi də bu il DNF-in üzərinə qoyulsa, onda fond əlavə olaraq 1 milyard manatdan artıq zərərə düşərdi. Ona görə də hökumət rabitə, kommunikasiya sahəsində infrastruktur layihələrinin, metropolitendə yenidənqurma işlərinin, digər sahələrdə bərpa tədbirlərini təxirə salmaqla Neft Fondunu əlavə itkilərdən sığortalayıb. ELBRUS