Neft gəlirlərinin azalması sosial xərclərə təsir göstərməyəcək


Baxıldı : 205

Tarix : 2020-04-30 05:44:04


İqtisadiyyatı neftdən asılı olan ölkələrdən biri də Azərbaycandır. Koronavirus pandemiyasının yayıldığı bir dövrdə dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına təsirləri barədə millət vəkili Vüqar Bayramov qəzetimizdə aydınlıq gətirdi:”Azərbaycan neft ixrac edən ölkədir və bu ixracatın 81%-ni xam neft təşkil etdiyi üçün dünya bazarında neftin qiymətindəki dəyişiklik ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir. Mövcud qiymətlər praktiki olaraq bütün neft ixrac edən dünya ölkələri, həmçinin Azərbaycan üçün arzuolunan deyil.

Bir tərəfdən dünyanı əhatəsinə alan pandemiyanın real sektorda fəallığın azalmasına təsiri, digər tərəfdən dünya bazarında neftin qiymətinin aşağı düşməsi neft ixrac edən ölkələrə daxil olan valyutanın azalmasına səbəb olur.

Öncədən proqnozlaşdırıldığı kimi, OPEC+ ölkələrinin neftin hasilatının azaldılması ilə bağlı son qərarı dünya bazarında neftin qiymətinin qalxmasını hədəfləmirdi.

Çünki koronavirus neftə olan tələbin azalmasına gətirib çıxarır.  İlkin mərhələdə neft tələbi ilə təklif arasındakı fərq gündəlik 10 milyon barrelə yaxın olsa da, son qiymətləndirmələr göstərir ki, artıq neftə olan tələbatın azalması təklifin tələbi 20 milyon barrelədək üstələməsinə gətirib çıxarıb. Son razılaşma bu tədarük bolluğunun 10 milyon barrelinin kompensasiya edilməsinə səbəb olsa da, hələ də təklif tələbdən çoxdur.

OPEC+ anlaşmasının bazara müəyyən psixoloji təsirləri var idi. Bu, xüsusən də brend markalı neftin qiymətinin kəskin azalmasının qarşısının alınması istiqamətində idi. OPEC+ anlaşmaya əməl etsə də, bu bazardakı mövcud tarazlığı dəyişə bilmir və daha böyük azalmalara getməkdən ehtiyatlanır. Çünki bura üzv olan ölkələr üçün bazardakı pay çox önəmlidir. Ölkələr bazar payını qoruyub saxlamağa çalışırlar.

Hazırda neft bazarında üç ölkə-Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ aparıcı neft hasil edən ölkələrdir. Lakin bu ölkələrin, hələ ki, əvvəlki dövrlərdən fərqli olaraq bazara təsir imkanları məhduddur. Sadəcə, post-pandemiya dövründə qiymətlərin yenidən artmasına ümid edirlər. Texas ( WTI) markalı neftin qiymətindəki kəskin azalma isə Amerika Birləşmiş Ştatlarında koronavirus pandemiyasının yayılma coğrafiyasının genişlənməsi ilə bağlıdır. Burada benzinə olan tələbatın azalması neftin qiymətinə birbaşa təsir etdi. Hətta güman olunur ki, pandemiyanın qarşısı alınmasa, bu,“brent” markalı neftin də qiymətinin kəskin azalmasına gətirib çıxara bilər”.

Millət vəkili 2020-ci il Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin 46 %-nin qeyri-neft sektorunun payına düşdüyünü dedi: “Bu ilin ilk rübünün yekunlarına dair qeyri-neft sektorundan büdcəyə daxilolmalar üzrə proqnoz müəyyənləşib. Pandemiyanın aktiv olduğu aprel-may aylarında güman olunur ki, büdcəyə daxilolmalarda azalmalar müşahidə olunacaq. Eyni zamanda büdcə gəlirlərinin 54%-i neft sektorunun payına düşür. Dövlət Neft Fondunun büdcəyə transferləri ümumi neft gəlirlərinin 84 %-ni təşkil edir və 2020-ci ildə fond 6.7 milyard dollar vəsaiti manata çevirərək dövlət büdcəsinə transfer edəcək. Neft Fondunun aktivlərinin 40 milyard dollardan çox olduğunu nəzərə alsaq, həmin vəsaitin transferində hər hansı çətinlik olmayacaq. Bununla belə, birbaşa neft sektorundan daxilolmalar ümumi büdcə gəlirinin 8%-ni təşkil edir.Təbii ki, həm iqtisadi aktivliyin aşağı düşməsi, həm də neftin qiymətinin dünya bazarında azalması büdcə daxilolmalarına bilavasitə təsir edə bilər. Bu baxımdan 2020- ci ilin həm cari, həm də investisiya xərclərində azalmalar olacaq. Buna görə də ölkə Prezidenti İlham Əliyev təcili olmayan xərclərin təxirə salınması üçün göstəriş verib. 2020-ci ilin cari və investisiya xərclərinin bir qisminin növbəti ilə saxlanacağı gözlənilir. Sosial xərclərlə bağlı heç bir azalmalar olmayacaq. Büdcə xərclərinin 38.5 %-i sosial xərclərin payına düşür. Mövcud daxilolmalar sosial proqramları tam olaraq maliyyələşdirməyə imkan verir”.

 

Əsli ƏHMƏDOVA