Neft ucuzlaşır: Azərbaycan hansı   önləyici tədbirlərdən istifadə edə bilər?


Baxıldı : 137

Tarix : 2020-03-14 17:34:02


 

Qeyri-neft sektorundan səmərəli istifadə iqtisadi gücün zəifləməsi

ehtimalını minimuma endirir

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması bir sıra ölkələrə iqtisadi cəhətdən müxtəlif təsirlər göstərmək ehtimalını artırmaqdadır. Xüsusilə neft hasilatı ilə məşğul olan dövlətlər daxili iqtisadiyyatlarının səmərəliliyini neft asılılığından kənarlaşdırmaq istiqamətində müəyyən işlər aparır. Bu zaman belə bir sual yaranır, dünyanın əsas enerji mənbəyi olan neft amilinin ucuzlaşması faktı Azərbaycana hansı təsirləri göstərə bilər? Yaxud Avropanın enerji təhlükəsizliyinin təminatçılarından biri olan Azərbaycan regiondakı və beynəlxalq aləmdəki iqtisadi potensialını daha hansı yöndə təqdim etmək imkanına malikdir?

Məhz bu baxımdan ilk olaraq yada qeyri-neft sektoru düşür. Bu sahədə əldə edilən uğur və perspektivlərin təhlilinə keçməmişdən əvvəl isə bir daha neftin qiymətinin ucuzlaşmasının müəyyən təsirlərinə müxtəlif aspektlərdən yanaşmalar etmək mümkündür...

Nəzərə alsaq ki, Azərbaycan dövləti

buna qədər də neftin ucuzlaşması

prosesi ilə üzləşib...

Misal üçün,  sirr deyil ki, bir sıra neft hasilatı ilə məşğul olan ölkələr ucuzlaşma reallığını daim nəzərdə saxlayır. Daha dəqiq desək, ucuzlaşma təhlükəsinin mümkünlüyü və qabaqlayıcı tədbirlərin işə salınması planları daim dövlətlərin diqqət mərkəzindədir. O cümlədən Azərbaycanda da bu gerçəklik mövcuddur. Ancaq nəzərə almalıyıq ki, Azərbaycan dövləti buna qədər də neftin ucuzlaşması prosesi ilə üzləşib və bu proseslərdən, sözün əsl mənasında, üzüağ çıxıb. Bu zaman, hələ bir neçə il əvvəl, daha dəqiqi isə, bir neçə il əvvəlki devalvasiya dövründə Prezident İlham Əliyevin neftin ucuzlaşması ilə bağlı fikirlərini xatırlaya bilərik. Dövlətimizin başçısı həmin ərəfələrdə vurğulamışdı ki, Azərbaycanın güclü iqtisadiyyatı var. Həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda sosial siyasətimiz var. Məhz bu reallıq hazırkı günümüzdə də öz gücünü qoruyub saxlamaqdadır.

Amansız iqtisadi rəqabət mühiti

istər-istəməz müəyyən iqtisadi

disbalanslara gətirib-çıxarır.

Lakin daha bir gerçəklik ondadır ki, dünyada böyük dövlətlər arasında gedən ticarət rəqabəti bir mübarizə halını alıb. Və belə olan halda bu cür amansız iqtisadi rəqabət mühiti istər-istəməz müəyyən iqtisadi disbalanslara gətirib çıxarır. Ancaq həmin dövlətlərdən fərqli olaraq, Azərbaycan balanslı iqtisadi siyasətini qoruyub saxlayır, hər hansı mənfi yüklü tendensiyalardan kənarda qalmağı üstün tutur. Digər tərəfdən, daha bir fakt budur ki, dövlət büdcəsi kifayət qədər münbit şərtlər üzərində qurulub. Belə ki, ölkəmizin büdcə gəlirlərinin 47 faizi bilavasitə Dövlət Neft Fondundan götürülür. Nəticədə neftin qiyməti aşağı düşsə belə, bu, Dövlət Neft Fondundan götürülən vəsaitə elə də dəlalət etməyəcək.

Resurslardan olduğu kimi istifadə

 edilməsi Azərbaycan üçün heç bir

problem yaratmayacaq

Ekspertlər hesab edirlər ki, Azərbaycan dünyada gedən neft ucuzlaşması prosesinə hazırdır və zamanında müvafiq addımlar atılarsa, baş verən proses ölkəmizə problemlər yaratmayacaq. Burada “iqtisadi yastıq” deyilən bir məsələ də var, yəni Azərbaycan hələlik bunların qarşısını ala biləcək. Əvvəla, bizim Mərkəzi Bankda 6,4 milyard dollar (ABŞ) resursumuz var. Həmin resurslar pul şəklindədir. Onun olduğu kimi istifadə edilməsi Azərbaycan üçün heç bir problem yaratmayacaq. Yaxın bir neçə ay ərzində, ən azı yarım ilə Azərbaycan öz iqtisadiyyatını qoruya biləcək.

Göründüyü kimi, bu, önləyici tədbirlərdən biridir. Və qarşıdakı illərdə iqtisadi geriliyin qarşısını almaq üçün digər addımların da atılması zərurəti meydana gəlir. İlk növbədə bəzi xərclər azaldılmalıdır, lakin bu, sosial xərclərə aid olmamalıdır. Beləliklə, qeyri-neft sektorunun fəaliyyətindən istifadə üçün dövlət tərəfindən yaradılan kifayət qədər imkanlar mövcuddur.

Qeyri-neft sektorunun inkişafı üçün

dövlətin yaratdığı imkanlardan

maksimum yararlanması vacibliyi

Daha bir xatırlatmanı etmək olar ki, dövlətimizin başçısı cənab İlham Əliyev uzaqgörən siyasəti ilə iqtisadi inkişaf ətrafında irəli sürdüyü bir çox fikirlərində daim neftdən asılılığın minimuma endirilməsi barədə tövsiyələrini verib, qeyri-neft sektorunun inkişafı üçün dövlətin yaratdığı imkanlardan maksimum yararlanmanın vacibliyinə toxunub.  

Misal üçün, kənd təsərrüfatı sahəsində, qida və yeyinti sənayesində, turizm, informasiya-kommunikasiya texnologiyası, habelə digər sahələrdə fəaliyyət göstərən sahibkarlarla iş birliyi davamlı şəkildə qurulmalı, geniş imkanlara malik biznes mühiti daha böyük spektoru əhatə etməlidir.

Ümumiyyətlə, baş verən proseslərdən həm də belə bir nəticə hasil etmək olar ki, dünyada neftin qiymətinin ucuzlaşması prosesindən minimum zərərlə çıxmaq üçün Azərbaycanda bütün imkanlar var. 

 

Rövşən RƏSULOV