“Neftçilər bundan sonra da nümunə olacaqlar”


Baxıldı : 67

Tarix : 2017-10-28 00:01:55


“Dünyada transmilli şirkət kimi tanınan SOCAR rəqabətə tab gətirmək üçün, təbii ki, həm struktur, həm də texnologiyaların yenilənməsi baxımından vaxtaşırı çevik addımlar atmağa məhkumdur. Belə nəhəng şirkətlərin islahatları heç də həmişə işçilər tərəfindən rəğbətlə qarşılanmır. Əksinə, hər dəfə etirazlarla müşayiət olunur.

Son 5 ildə işçilərin sayının optimallaşdırılması tədbirləri SOCAR -da 4604 nəfər işçinin işsiz qalması ilə nəticələndi. Bu nəticəyə, əlbəttə, təkcə işçilər deyil, sahə həmkarlar ittifaqı Respublika Komitəsi də neqativ yanaşdı. Amma reallağı nəzərə alaraq şirkət rəhbərliyi ilə danışıqlara başladı. Qarşı tərəflə razılığa gəldi ki, ixtisarlar zamanı ədalət prinsipi gözlənilsin. Güzəşti olan həmkarlar ittifaqı üzvləri işdə saxlanılsın. Belə işçilərin müəyyənləşməsi işində həmkarlar ittifaqı komitələri bilavasitə iştirak etdilər".

Bu sözlər oktyabrın 20-də SOCAR -ın baş ofisində keçirilmiş Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının V qurultayına hesabat məruzəsində səslənmişdir. Hesabat məruzəsi ilə çıxış edən sahə Hİ Respublika Komitəsinin sədri Cahangir Əliyev sonra demişdir, araşdırma zamanı məlum oldu ki, ixtisara salınan bəzi işçilər ailənin yeganə qazanc gətirən üzvüdür. Bəzilərinin isə banka və ya iş yerindən aldığı mənzilə görə müəssisəyə borcu var. Biz bu qəbil işçilərin maksimum ixtisarlardan kənarda qalmasına çalışdıq və əksər hallarda nail olduq. Bu işdə bizə AHİK-in mütəxəssisləri, AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin təşəbbüsü, təklifi ilə Əmək Məcəlləsinə olan əlavələrdə nəzərdə tutulmuş üstünlüklər də böyük kömək etdi. Təkcə "Bahar" Enerji Şirkətinin 70 işçisi həmkarlar ittifaqının inadlı səyi nəticəsində işini itirmədi.

Natiq dedi, SOCAR ilə qarşılıqlı öhdəlikləri əks etdirən əsas sənəd mütəmadi olaraq bağlanmış tarif sazişlərdir. Son bağladığımız saziş 2017-2019-cu illəri əhatə edir. Bu sənəd yerlərdə bağlanan kollektiv müqavilələrin əsasını təşkil edir.

Sosial proqramın vacib hissəsi olan mənzil tikintisi və onların ehtiyacı olan işçilərimizə verilməsi sazişdə nəzərdə tutulub. Hesabat dövründə 1698 neftçi ailəsinə mənzil və 202 nəfərə torpaq sahəsi ayrılmışdır. Bibiheybət, Lökbatan, Qaraçuxur ərazilərində layihələndirilmiş yaşayış binalarının tikintisi və Buzovna zonasında torpaq sahəsinin bölgüsü bizə imkan verəcək ki, mənzil növbəsində dayananların 50 faizi yaşayış sahəsi ilə təmin olunsun. Növbəti 5 il ərzində bunun reallaşması mümkündür.

C.Əliyev daha sonra dedi, hesabat dövründə neftin dəyərinin kəskin aşağı düşməsi SOCAR-ın işində müəyyən problemlər yaratdı. Bu da neftçilərimizin qarşısında götürdüyümüz öhdəliklərin yerinə yetirilməsini çətinləşdirdi.

Amma çətinliklərə baxmayaraq, SOCAR neftçilərin sağlamlığının bərpası istiqamətində fəaliyyətini davam etdirdi. Qurumun maliyyəsi hesabına Naftalan şəhərindəki "Qaşaltı" sanatoriyasında 13350 nəfər sağlamlığını bərpa etmişdir.

İşçilərimizin sağlamlığının qorunmasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da bizə böyük dəstəyi var. Belə ki, hesabat dövründə 4500 nəfər neftçi respublikamızda fəaliyyət göstərən sanatoriyalarda müalicə olunmuşdur və 5000 nəfərdən çox işçi müxtəlif istirahət ocaqlarında ailə üzvləri ilə birgə dincəlmişdir.

Natiq xarici və müştərək müəssisələrdəki həmkarlar ittifaqlarının fəaliyyətinə də toxundu. Bildirdi ki, əksər müəssisələrdə həmkarlar ittifaqları və müdiriyyət arasında işgüzar və səmərəli əlaqələr yaranıb. Məhz bu səbəbdən, demək olar ki, kollektivlərdə həmkarlar ittifaqı komitələrinə üzvlər tərəfindən inam var. Bu isə öz növbəsində imkan verir ki, HİK-lər kollektiv adından müəssisə rəhbərliyi qarşısında maraq dairəsində olan məsələləri müdafiə etsin.

Cahangir müəllim qeyd etdi ki, Respublika Komitəsi maarifləndirmə işinə də xüsusi diqqət yetirir. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının ixtisasartırma kurslarında hesabat dövründə 1939 həmkarlar ittifaqı lideri və fəalı iştirak etmişdir. Dəfələrlə digər sahə həmkarlar ittifaqı fəallarından ibarət kurs dinləyiciləri üçün Heydər Əliyev adına Neft Emalı Zavodunun həmkarlar ittifaqının bazasında praktiki seminar-müşavirələr keçirilib. Bu tədbirlərdə dinləyicilərə zavodun həmkarlar ittifaqı təşkilatının iş təcrübəsi barədə məlumat verilib.

Cahangir müəllim komitənin beynəlxalq əlaqələrindən də söz açdı. Dedi ki, Qlobal Həmkarlar İttifaqı- İndustriALL, Norveçin İE, Ukraynanın "Atomprofspilka", Rusiyanın Neft-Qaz Tikintisi İşçiləri Həmkarlar İttifaqı, Beynəlxalq Əmək Təşkilatı ilə işgüzar əlaqələrimiz var. İspaniyanın Madrid şəhərində keçirilən İndustriALL Ümumdünya energetika sənayesinin həmkarlar ittifaqları fəallarının, Türkiyədə təşkil olunan informasiya texnologiyalarına aid konfranslarda sahə həmkarlar ittifaqlarının nümayəndələri iştirak etmişlər.

Məruzə ətrafında çıxışlarda hesabat məruzəsi qənaətbəxş hesab edildi. Onlar gördükləri işlərindən də danışdılar.

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyan Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə dedi: Azərbaycanın müasir dövlət kimi dünyada tanınması, maraq doğurması, enerji layihələrinin dəstəklənməsi neftçilərin xidmətləri sahəsində mümkün olmuşdur. Ən mötəbər tədbirlərə ev sahibliyi edən, müasirliyi, gözəlliyi, dinamik iqtisadi inkişafı ilə diqqəti cəlb edən Azərbaycanın bu səviyyəyə yüksəlməsində neftçilərin əməyi danılmazdır. Həmkarlar ittifaqı təşkilatları ətrafında birləşən neftçilər bundan sonra da fəaliyyətləri ilə nümunə olacaq, ölkəmizin qüdrətlənməsi naminə əzmkarlıqlarını artıracaqlar.

AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Ümumhəmkarlar İttifaqları Konfederasiyasının 25 illik yubileyi münasibətilə təsis olunmuş, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və Şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adına göndərilmiş gümüş döş nişanlarını təqdim etdi. AHİK sədri ittifaqın hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirərək tövsiyələrini də bildirdi. S.Möhbalıyev vurğuladı ki, sizin təşkilat respublika sahə həmkarlar ittifaqları arasında qabaqcıl təcrübəsi, maraqlı islahat və layihələri ilə başqalarına nümunə sayılır, qarşıya qoyulan məqsədlərə nail olur.

Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatları MDB məkanında yeganə strukturdur ki, özünün mülkiyyəti vardır. Bu sahədə neftçilərin həmkarlar ittifaqının imkanları daha böyükdür. Göründüyü kimi, insan amilini önə çəkən Şirkətin rəhbərliyi, Respublika Komitəsi əməyin təhlükəsizliyinin təminatına, neftçilərin sosial müdafiəsinin təşkilinə, müəssisə rəhbərləri ilə yerli həmkarlar ittifaqı təşkilatlarının birgə, konstruktiv fəaliyyətinə diqqətlə yanaşır. Başqa sahə həmkarlar ittifaqı təşkilatları üçün nümunə olan kollektiv müqavilə ilə bağlı təcrübə təbliğ olunmalıdır.

Sonda təşkilati məsələyə baxıldı. Qurultay Cahangir Əliyevi sahə Hİ Respublika Komitəsinin sədri, Fətulla Mustafayevi və Sadiq Qurbanovu sədrin müavinləri seçdi.

Zamin MƏMMƏDOV