Neftdənkənar sahələrdə islahatlara başlanıldı


Baxıldı : 450

Tarix : 2015-01-24 05:42:00


Neftin ucuzlaşması hökuməti büdcə yığımlarının neftdənkənar sahələr hesabına təmin olunması barədə qəti addımlar atmğa məcbur edib. İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, cari ildə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı əsas prioritetlərdən olacaq. 2014-cü ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı artıb və 2015-ci ildə bu rəqəmin daha da yüksələcəyi gözlənilir. Qeyri-neft sektorunun inkişafı isə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin.S. Həsənova bildirib ki, 2015-ci ildə iqtisadi artımın 4,4% təşkil edəcəyi proqnozlaşdırılır. Qeyri-neft sektorunda artım proqnozu 8,2% təşkil edəcək. Bu isə iqtisadi inkişafın əsasən qeyri-neft sektoru hesabına təmin olunacağını deməyə əsas verir. Qeyri-neft sektorunun inkişafına müsbət təsir edən əsas amil kimi səmərəli vergi siyasətinin həyata keçirildiyini qeyd edən S.Həsənova bildirib ki, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiyaların təşviqi baxımından vacib sahələrin inkişafına əlverişli şərait yaradılması üçün vergi güzəştlərinin tətbiqi və vergi yükünün azaldılması mühüm əhəmiyyət daşıyır. Bu mənada biznesin inkişafı və qeyri-neft sektorunda istehsalın canlanması sayəsində vergilərin həcminin artacağı gözlənilir.Qeyd olunduğuna görə, iqtisadiyyatın uzunmüddətli perspektivdə neftdən asılılığı iqtisadi artım sürətinin aşağı düşməsinə gətirib çıxara bilər. Bunun üçün ölkədə aparılan vergi siyasəti qeyri-neft sektorunun inkişafına, sahibkarlıq fəaliyyəti üçün əlverişli iqtisadi mühitin yaradılmasına xidmət edir. Digər mühüm bir tendensiya ondan ibarətdir ki, regionların inkişafı sahəsində son dövrlərdə həyata keçirilən tədbirlər nəticəsində regionlarda iqtisadiyyatın əhəmiyyətli dərəcədə inkişafına nail olunub və yığım potensialı xeyli artıb. Belə ki, 2008-ci illə müqayisədə 2014-cü ildə respublikanın şəhər və rayonları üzrə iqtisadi fəallıq 2 dəfə artıb və nəticədə bölgələrdə qeyri-neft yığımlarının payı 50 faizi ötüb. Beləliklə, hökumət 2015-ci ildə və qarşıdakı dövrlərdə qeyri-neft sektorunda büdcə gəlirlərinin toplanması əmsalını yüksəltməyi iqtisadi siyasətin başlıca hədəfinə çevirəcək.ELBRUS