Neftin qiyməti 2017-ci ilə kimi ucuzlaşacaq


Baxıldı : 284

Tarix : 2015-02-14 04:14:00


Dünya Bankı (DB) neftin qiymətinin uzun müddət aşağı qiymətə satılacağı, qlobal böhranın isə bir çox ölkələrin iqtisadiyyatına mənfi təsirlər göstərəcəyinə dair açıqlama ilə çıxış edib. Bankın Azərbaycan üzrə meneceri Larisa Leşşenko bildirib ki, hazırkı ssenarilər dünyada baş verən böhran meyillərinin hələ bir müddət davam edəcəyini və neftin qiymətinin aşağı səviyyədə qalacağını deməyə əsas verir. Dünya Bankının proqnozlarına görə, bu il neftin qiyməti 55 dollar səviyyəsində olacaq, növbəti ildə isə bu rəqəmin təxminən 57 dollar təşkil edəcəyi gözlənilir. Buna görə də dünya ölkələri yaranmış qeyri-sabitlik şəraitində öz iqtisadiyyatlarını böhrandan qorumaq üçün müxtəlif tədbirlər həyata keçirməlidirlər. L.Leşşenko bildirib ki, böhran təkcə neft ixracatçısı olan ölkələri deyil, ümumilikdə bütün region dövlətlərinin iqtisadiyyatını ciddi sınaq qarşısında qoya bilər. Proqnozlara görə, region dövlətlərinin əksəriyyətinin makroiqtisadi inkişaf göstəriciləri, maliyyə-bank sektorundakı sabitlik vəziyyəti, daxili və xarici borc öhdəlikləri və digər göstəricilər bu ilin sonuna kimi bir qədər də aşağı düşəcək. Böhran meyilləri ilə bağlı iqtisadi geriləməyə məruz qalan ölkələr büdcə-maliyyə xərclərinə yenidən nəzər salmalıdırlar. Artıq Avropa ölkələrinin əksəriyyəti ixtisar proqramlarına başlayıb. Bu cür proqramlar infrastruktur və investisiya sahələri ilə yanaşı, sosial sektorda bəzi sahələrə də xərclərin aşağı salınmasını nəzərdə tutur. İxtisar tədbirləri çərçivəsində bəzi dövlət orqanlarının ləğvi və ya birləşdirilməsi də istisna edilmir. Baş verən proseslər maliyyə sabitliyi zəif olan ölkələr üçün daha ağır ola bilər. Onların maliyyə və investisiya bazarlarında artıq müşahidə olunan gərginliklər ümumilikdə Avropada və dünyanın inkişaf etmiş dövlətlərinin qiymət indekslərinin və investisiya reytinqlərinin yenidən aşağı düşməsinə səbəb olacaq.ELBRUS