“Nəqliyyatçıların əmək hüquqlarının həmkarlar ittifaqları tərəfindən müdafiəsi” Bakıda müzakirə olunub


Baxıldı : 85

Tarix : 2018-06-30 04:20:33


 

Bakı şəhərində Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası Nəqliyyatçıların Həmkarlar İttifaqları Beynəlxalq Birlikləri ilə birgə “Nəqliyyatçıların əmək hüquqlarının həmkarlar ittifaqları tərəfindən müdafiəsi” mövzusunda VII beynəlxalq regional konfrans keçirib.

Konfransın işində Beynəlxalq Əmək Təşkilatının, Nəqliyyatçıların Beynəlxalq Federasiyasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının, MDB və Baltikyanı ölkələrin Nəqliyyat İşçilərinin 30 həmkarlar ittifaqından 80 nümayəndə iştirak edib. Konfransa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və respublika nəqliyyatçılarının həmkarlar ittifaqları komitələrinin rəhbərləri də dəvət olunublar.

Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının sədri Nikolay Nikiforovun sədrliyi ilə keçirilən tədbirdə konfransın təşkilat komitəsinin sədri Gennadi Kosolapov giriş sözü ilə çıxış edib.

Sonra Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov çıxış edərək son illər ərzində dəmir yolunda həyata keçirilən islahatlar, dəmiryolçuların sağlamlıqlarının qorunması, sosial problemlərinin həlli istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Ümumhəmkarlar İttifaqları Konderasiyasının baş katibinin müavini Natalya Podşibyakina, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, Nəqliyyatçıların Beynəlxalq Federasiyasının dənizçilər seksiyası sədrinin birinci müavini Tomas Abraxamsson və nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək müzakirə olunan məsələ ilə bağlı öz fikir və mülahizələrini bildiriblər.

Tədbirin ikinci günü Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiya Şurasının 54-cü sessiyası keçirilib.

Asudə vaxtlarda seminar iştirakçıları üçün Bakının tarixi və görməli yerlərinə, Nabrandakı “Lokomotov” İstirahət Mərkəzinə ekskursiyalar da təşkil olunub.