Nəticələr aparılan işlərə kölgə salır


Baxıldı : 66

Tarix : 2017-09-23 00:52:01


BMT müasir köləlik və uşaq əməyi ilə bağlı statistikanı açıqlayıb. Nəticələrin bu yöndə aparılan Davamlı İnkişaf Məqsədləri Proqramına kölgə saldığı bildirilib.

Beynəlxalq Əmək Təşkilatı (BƏT), "Walk Free" Fondu və Beynəlxalq Miqrasiya Təşkilatının apardığı araşdırmada 2016-2017-ci ildə 40 milyona yaxın insanın müasir köləliyə vadar edildiyini, 152 milyon 5-17 yaş arası uşağın məcburi əməyə sövq olunduğunu açıqlayıb.

Qeyd olunub ki, müasir köləliyə məcbur edilən insanların 71 faizini qadınlar təşkil edir. Onlar ailələri tərəfindən zorla evləndirilir, ağır çalışma şərtlərinə tabe tutulur.

Uşaq əməyindən 70 faiz kənd təsərrüfatında, 17,1 faiz xidmət, 12,9 faizi sənaye və digər sektorlarda istifadə edilir.

Məsələyə münasibət bildirən BƏT-in baş katibi Qay Rayder deyib ki, statistik göstəricilər BMT-nin Davamlı İnkişaf Məqsədləri Proqramının hədəfinə nail ola bilməyəcəyini göstərir: "Bizim tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz işlər məcburi əmək və uşaq əməyi kimi problemlərin həllində  imkanları daha da artıracaq".

"Walk Free" Fondunun idarə heyətinin başçısı Andrev Forrest deyib ki,  40 milyon insanın müasir köləliyə düçar olması insanlıq üçün utancvericidir: "Son 5 ilin statistik nəticələrini araşdırdıqda bu rəqəmin 89 milyona qədər yüksəldiyini görürük. Bu, dünyada ayrı-seçkilik, qeyri-bərabərlik və istismar hallarının  dərinləşməsinin səbəbidir. Yaranan vəziyyətdə bu gerçəkliyi dəyişmək üçün hər birimiz-işçi birlikləri, hökumət orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar ələ-ələ verməliyik".

 Cavid SƏFƏROV