İnflyasiyanı nəzarətdə saxlamaq üçün tədbirlər


Baxıldı : 319

Tarix : 2015-01-10 04:26:00


Mərkəzi Bank (MB, 2015-ci ildə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına, bank sektorunun maliyyə dərinliyinin artırılmasına, maliyyə-bank infrastrukturunun inkişafına yönəlmiş fəaliyyətini davam etdirəcəyini bəyan edib. Başlıca diqqət inflyasiyanın nəzarətdə saxlanması və birrəqəmli həddi ötməməsi üçün bütün dövlət orqanları və biznes strukturları ilə birgə koordinasiyanın gücləndirilməsinə yönəldiləcək. Artıq bu istiqamətdə müvafiq tədbirlərin icrasına başlanılıb. Həyata keçirilən siyasətə uyğun olaraq iqtisadiyyatın şaxələnməsində qeyri-neft sektorunda investisiya fəallığı və ixrac potensialının reallaşdırılması mühüm rol oynayacaq. MB 2015-ci ildə iqtisadi artımın 4.4% təşkil edəcəyini proqnozlaşdırır. İqtisadi artım əsasən qeyri-neft sektoru hesabına təmin ediləcək. Qeyri-neft sektoru üzrə artım proqnozu 8.2% təşkil edir. İqtisadi artımda daxili tələbin rolu əhəmiyyətli səviyyədə qalacaqdır. Proqnozlara görə, 2015-ci ildə daxili investisiyalar 6.1%, əhalinin pul xərcləri isə real olaraq 5.2% artacaq. MB məzənnə siyasətini həyata keçirərkən makroiqtisadi sabitliyin təmin edilməsi, maliyyə sabitliyinin və qeyri-neft iqtisadiyyatının rəqabət qabiliyyətinin qorunması kimi hədəfləri əsas götürəcək. Manatın sabit məzənnəsi təkrəqəmli inflyasiya hədəfinə nail olunmasında, sosial rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rol oynayır. Məzənnə rejimi əsasən dəyişməz saxlanacaq, dollar-manat məzənnəsinin hədəflənməsi növbəti ildə də məzənnə siyasətinin əməliyyat çərçivəsini təşkil edəcək. İkitərəfli məzənnə ilə yanaşı, manatın nominal və real effektiv məzənnələrinə monitorinq davam etdiriləcək. Mərkəzi Bank ökədə kreditlər üzrə faiz dərəcələrinin azaldılmasını da diqqətdə saxlayacaq. Pul siyasəti alətlərinin kəmiyyət parametrlərini müəyyən edərkən pul siyasətinin iqtisadiyyata ötürücülük qabiliyyəti - transmissiyası xüsusiyyətləri də nəzərə alınacaqdır. Pul siyasəti alətlərinin təkmilləşdirilməsi və onların iqtisadiyyata təsirlərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir. Xüsusilə banklararası pul bazarının fəaliyyətinin gücləndirilməsi diqqətdə saxlanacaq, buradakı faiz dərəcələrinin faiz dəhlizi mexanizminə inteqrasiyası imkanlarına baxılacaq. ELBRUS