Nikaha daxil olarkən ərimin soyadını qəbul etmişəm


Baxıldı : 208

Tarix : 2019-08-02 15:18:17


Nikaha daxil olarkən ərimin soyadını qəbul etmişəm. İndi mənə aid olan bütün sənədlərdə və uşağın doğum haqqında şəhadətnaməsində mən ərimin soyadı ilə yazılıram. Ayrılmaq üçün məhkəməyə müraciət etmişik. Boşanmadan sonra öz soyadıma qayıda bilərmmi?

Sevil ƏSGƏROVA,

Bakı şəhəri.

 

- Nikaha daxil olarkən ərinizin soyadını qəbul etməyiniz qanunvericiliyin tələbinə uyğun bir haldır. Nikaha daxil olarkən ər və ya arvad soyadını dəyişdirmişsə, onda həmin şəxsə məxsus olan şəxsiyyət vəsiqəsi dəyişdirilir və nikah haqqında şəhadətnamədə qeyd olunan nikahdan sonrakı soyadla şəxsiyyət vəsiqəsi verilir. Məlumdur ki, bundan sonra şəxsiyyət vəsiqəsinə əsasən əldə edilən bütün sənədlər yeni soyadla qeydə alınır.

Siz nikahın pozulması üçün müraciətinizdə, yəni məhkəməyə verdiyiniz iddia ərizəsində bu haqda heç bir məlumat verməli deyilsiniz. İddianı da şəxsiyyət vəsiqəsində yazılmış soyadla qaldırmalısınız. Qanunvericiliyin tələbinə əsasən, nikah pozulduğu halda ər və arvad öz soyadı ilə bağlı məsələni müstəqil həll etməlidir. Ailə Məcəlləsinin 30.4. maddəsinə əsasən, nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. Bunun üçün siz nikahın pozulması haqqında məhkəmə qətnaməsini Ailə Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qətnamənin çıxarıldığı yer üzrə rayon (şəhər) qeydiyyat şöbəsinə təqdim etməklə, nikahın pozulmasının qeydiyyatını aparmalısınız.

Boşanmadan sonra öz soyadınızın verilməsini istəyirsinizsə, onda Ailə Məcəlləsinin 183-cü maddəsinə uyğun olaraq bunu qeydiyyat şöbəsinə bildirməlisiniz. Bu maddədə qeyd olunur ki, ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına (rayon, şəhər qeydiyyat şöbəsinə) bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır.

Bu zaman Sizə nikahın pozulması haqqında şəhadətnamə verilir. Həmin şəhadətnamədə nikahın pozulmasından sonra qəbul etdiyiniz soyad qeyd ediləcəkdir. Şəxsiyyət vəsiqəsini yenidən dəyişib həmin soyadla almalısınız.

 

Həyat yoldaşımın ölümündən 3 ay sonra bir qızım doğuldu. Qeydiyyat şöbəsinə müraciət etdim. Nikahımız olduğunu nəzərə alıb valideynlər haqqında məlumat doğum şəhadətnaməsində əvvəlki uşaqlarda olduğu kimi qeyd olundu. Məni belə bir sual maraqlandırır. Qızım da o biri övladlarım kimi atasının vərəsəsi sayılacaqmı?

 

Jalə QULİYEVA,

Gəncə şəhəri.

 

- Vərəsəliklə əlaqədar olan bu məsələlər Mülki Məcəllə ilə tənzimlənir. Qanuna əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanunla, vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

Həyat yoldaşınız ölümündən əvvəl ona aid olan əmlaka dair vəsiyyətnamə qoymamışsa, onda yoldaşınızdan qalan əmlak qanun üzrə bərabər pay hüquqlu vərəsələrə keçir. Belə ki, MM-in 1132.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik, yəni ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Qüvvədə olan qanunvericilik miras qoyanın ölümündən sonra doğulmuş uşağın da qanun üzrə vərəsə sayılmasını müəyyən etmişdir. Adıçəkilən Məcəllənin 1134.1-ci maddəsində deyilir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

Qanun üzrə vərəsəlikdə bərabər pay hüquqlu vərəsələr növbəlilik qaydasında müəyyənləşdirilmişdir. Birinci növbə vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) və övladlığa götürülənlər aid edilmişdir.

Qanuni nikahınız olduğu üçün Siz özünüz, yoldaşınızın ölümündən əvvəl doğulmuş və ölümündən sonra doğulub qanun üzrə qeydiyyata alınmış qızınız bərabər pay hüquqlu birinci növbəli qanun üzrə vərəsələr sayılırsınız.