Nikahlar azalır, boşanmalar artır


Baxıldı : 194

Tarix : 2016-01-30 04:38:00


Respublikamızda boşanmaların sayı ildən-ilə artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 5 ildə boşananların sayı 7784-dən 12088-ə qədər çoxalıb. Nikahların sayı da ürəkaçan deyil. Əgər 2009-cu ildə 78072 nikah bağlanmışdısa, 2015-ci ildə bu göstərici 63100 olmuşdur.Azərbaycan xalqı üçün xarakterik olmayan bu prosesin səbəblərinə mütəxəssislər müxtəlif mövqedən yanaşırlar. Sosioloq Rafiq Təmrazov deyir ki, bir çoxları gənclərin iqtisadi vəziyyətini əsas götürür. Fikrimcə, iqtisadi amillərin rolu olsa da, bu, əsas səbəb deyil. Çünki əhalinin maddi vəziyyətinin daha pis olduğu zamanlarda nikahların sayı bu dərəcədə azalmırdı. Hazırda problemin əsas kökünü mənəvi dəyərlərdə axtarmaq lazımdır. Gənclərdə artıq ailəyə bağlılıq azalıb, ailə institutu xeyli zəifləyib.Psixoloq Dəyanət Rzayev isə deyir ki, boşanmaların səbəbləri arasında psixoloji aspektlər də var: \ Belə ki, tanışlıq ərəfəsində cütlüklər özlərinin daha çox müsbət tərəflərini göstərməyə çalışırlar. Cütlüklər bir-biri ilə tam səmimi ola bilmir və nəticədə ailə qurduqdan sonra problemlər yaranır. Ailələrin yeni qurulan gənc ailəyə müdaxilələrinin də boşanmalara böyük təsiri var. İstər qız, istər oğlan tərəfin ailələrindən olan müdaxilələr də boşanmalara gətirib çıxarır. Bu halların qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılması vacibdir\ . Psixoloqun sözlərinə görə, indiki gənclərin əksəriyyəti nə maddi, nə də mənəvi cəhətdən ailə qurmağa tam hazır vəziyyətdə deyil: \ Azərbaycanda ailələrin boşanmasının səbəbləri arasında məişət münasibətləri, maddi çətinliklər, ailədaxili münasibətlər, televiziyalarda aparılan mənfi təbliğatlar əsas yer tutur. Boşanmaların qarşısını almaq üçün ilk növbədə nikaha daxil olan insanların düşüncə uyğunluğu olmalıdır. Bundan əlavə, valideynlərin təkidi ilə ailə qurulmamalıdır. Həmçinin ailə quran şəxslər buna həm maddi, həm də mənəvi cəhətdən hazır olmalıdırlar\ . Xalid AZƏR