“Növbəti qurultay növbəti uğurlara yol açacaq”


Baxıldı : 125

Tarix : 2018-01-12 22:58:38


“İnsanlar sıralarımıza daxil olarkən üzvlük haqlarını xoşbəxt həyat haqqında nağıl eşitmək üçün ödəmirlər. İşçinin əməkhaqqı artırsa, hüquqları qorunursa, layiqli əmək şəraiti varsa, deməli, həmkarlar ittifaqları öz missiyasının öhdəsindən gəlir”

AHİK-in IV qurultayına

hesabat məruzəsindən

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı işçilərin iş və istirahət vaxtının günün tələbləri baxımından təşkilinə ictimai nəzarətin bütün ciddiliyi ilə həyata keçirilməsini üzv təşkilatların qarşısına mühüm vəzifələrdən biri kimi qoymuşdu.

Bu vəzifələrin yerinə yetirilməsinə nail olmaq üçün biz nə etdik?

İlk növbədə öhdəliklərin kollektiv müqavilələrdə dəqiq, konkret, həm də əhatəli əksini tapmasına çalışdıq. Və onların, müdiriyyətin nümayəndələrinin də iştirakı ilə, icrasını diqqətdə saxladıq. Vaxtaşırı icranın gedişi həmkarlar ittifaqı komitəsinin iclaslarında müzakirə olundu. Öhdəliklərin yerinə yetirilməsində qeydə alınan gecikmələr, nöqsanlar optimal vaxt müddətində aradan qaldırıldı.

Kollektiv müqavilələrə belə yanaşmanın nəticəsidir ki, müəssisədə iş vaxtından artıq işlənmiş saatların haqqının ödənilməsinə, iş və istirahət vaxtına dair normalara Əmək Məcəlləsinin müddəalarına uyğun riayət olunur. Müvəqqəti işdə olmayan işçinin əmək funksiyalarının icrasına görə ödəniləcək əlavə vəsait əvəz edilən işçinin əməkhaqqının 70 faizinədək müəyyənləşdirilir. Ağır və zərərli əmək şəraitində çalışan işçilərə haqqı ödənilən əlavə məzuniyyət verilir.

İşçilər əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmək, istehsalın səmərəliliyini və işin keyfiyyətini artırmaqda maraqlı olsunlar deyə müəssisədə aylıq və illik mükafatlandırma sistemi tətbiq edilir.

Gecə vaxtı yerinə yetirdiyi işin hər saatına görə işçilər saatlıq tarif maaşının 20 faizi həcmində əlavə əməkhaqqı alırlar.

Energetiklər günündə, dövlət, milli, dini bayramlarda kollektiv üzvlərinə qiymətli hədiyyələr və pul mükafatları verilir.

Əlbəttə, kollektiv müqavilələrin bütün bəndləri üzrə götürülən öhdəliklərin yerinə yetirilməsi barədə bir yazıda söz açmaq qeyri-mümkündür. Hər halda təqdim etdiyim faktlardan da rəhbərliklə həmkarlar ittifaqının üzvlərimizin mənafeyi naminə əməkdaşlığının nəticələrini görmək mümkündür.

Biz AHİK-in V qurultayına nümayəndələrimizi seçmişik. Təbii ki, onlara tapşırıqlarımızı da vermişik. Ümid edirik ki, növbəti qurultay növbəti uğurlara yol açacaq qərarlar qəbul etməklə həmkarlar ittifaqının cəmiyyətimizdə nüfuzunun daha da artmasına səbəb olacaq.

Ramiz ZEYNALOV,

“Azərişıq” ASC Həmkarlar İttifaqı Birliyinin sədri