Növbəti fəaliyyət ili üçün tövsiyələr verildi


Baxıldı : 65

Tarix : 2019-01-07 05:24:20


Dekabrın 21-də “İnşaat-İş” Həmkarlar İttifaqının IV Məclisi keçirildi. Məclisi giriş sözü ilə İttifaqın sədri Umud Hüseynov açdı. O, əvvəlcə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevi ittifaq üzvləri adından BHİK-in vitse-prezidenti seçilməsi münasibətilə təbrik etdi. Səttar müəllimə bu vəzifədə növbəti müddətdə də uğurlar arzuladı.

Sonra Məclisin gündəliyini təsdiqə təqdim etdi. İlk olaraq təşkilati məsələyə baxıldı.

 Məclisin və İcraiyyə Komitəsinin yeni tərkibi seçildi.

Əməyin baş texniki müfəttişi Ə.Məmmədov 2018-ci ilin yekunları barədə məlumat verdi. Dedi ki, Dayanıqlı İnkişaf Məqsədlərinə layiqli əməyi inkişaf etdirməklə çatmaq mümkündür. Hər il keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin keçirilməsi idarə və müəssisələrdə əməyin mühafizəsinin yüksək standartlara çatdırılmasına, eyni zamanda işçilər üçün daha yüksək səviyyədə təhlükəsiz iş şəraiti yaradılmasına imkan verir.

Məclis 2018-ci il üçün büdcənin yerinə yetirilməsi barədə təftiş komissiyasının hesabatını dinlədi və kafi qiymətləndirdi.

2019-cu ilin büdcəsi və ştat cədvəlinin layihəsi müzakirə edildi və qəbul olundu.

İttifaqın sədri U.Hüseynov yekun sözü söylədi. O, “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının qərarlarına əsaslanaraq sahə həmkarlar ittifaqı sıralarının möhkəmləndirilməsi, onun strukturunun qorunub saxlanması, yeni həmkarlar ittifaqı komitələrinin yaradılması, əmək müqavilələrinin və kollektiv müqavilələrin bağlanması məsələlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini diqqətə çatdırdı. Bildirdi ki, təhlükəsiz iş şəraiti yaradılması və gender bərabərliyi, qadın hüquqlarının qorunması istiqamətində işlər nəzarətdə saxlanılmalıdır.

Sonda bir qrup həmkarlar ittifaqı üzvünə “İnşaat-İş” Həmkarlar İttifaqının Fəxri Fərmanı, “İnşaatçı” Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının “25 illik” yubiley döş nişanı, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının “25 illik” yubileyi münasibətilə Fəxri Fərman təqdim edildi.