Novruz bayramı coşqu və təmtəraqla qeyd olunur


Baxıldı : 198

Tarix : 2016-03-17 12:07:00


Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi Şakir Albalıyev bizə müsahibəsində Novruz bayramı, milli adət-ənənələrimiz haqqında məlumat verib. O, bildirib ki, Novruz sülhün, əmin-amanlığın carçısıdır. Xalqlararası, dinlərarası dialoqu özündə ehtiva edir. Novruz insanlara öz adət-ənənələri və mərasim keyfiyyətləri ilə necə yaşamağın sirlərini aşılayır. Dünya tarixinin ən qədim mədəni hadisəsi sayılan Novruz mərasimini də bəşəriyyətin ən qədim xalqı olan türklərin yaratdığı şübhəsizdir. Novruza qədər bir sıra mərasimlər var ki, onlar mahiyyətcə bu bayram kompleksinin tərkib hissəsidir. Bunlara aşkar misallar kimi ilaxır çərşənbələri göstərmək olar. Onlarsız Novruzun gəlişini təsəvvür etmək mümkünsüzdür. Lakin çərşənbələrin sıra ardıcıllığı ilə bağlı vahid mövqe yoxdur. Bu həm alimlərin qənaətidir, həm də xalq arasında fikirlər müxtəlifdir. Axırıncı çərşənbə torpaq çərşənbəsi adlandırılır, bəzən isə yel çərşənbəsi də deyilir. Mən də yel çərşənbəsi kimi təqdim olunmasının tərəfdarıyam. Çünki mifoloji təfəkkürdə Novruz yaradılış bayramıdır. Mən çərşənbələrin sıra ardıcılığını belə qurardım: Od, Torpaq, Su və Yel çərşənbələri. Fikrimcə, bu çərşənbələrin hər biri özündə yaradılış ünsürünü ehtiva edir. Deyərdim ki, Novruz bayramı Azərbaycanda daha coşqu, daha təmtəraqla qeyd olunur. Çünki bu bayram bu torpaqda bizim ulu əcdadlarımız-qədim türklər tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə qadağalar olmasına baxmayaraq, qorunub saxlanılıb və müstəqillik əldə etdikdən sonra yenə də təmtəraqla keçirilir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın təşəbbüsü ilə BMT də 21 martı Beynəlxalq Novruz Günü elan edib. Bu da bayramın bəşəri miqyasdakı roluna yüksək önəm verildiyinə dəlalət edir. Bu bizim mənəvi haqqımızdır. Tarixi ədalətin bərpasıdır. Azər MUSTAFAYEV