Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür


Baxıldı : 58

Tarix : 2018-11-17 04:43:27


Xalqın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

  Keçən əsrin sonlarında iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılan SSRİ-nin siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. Ovaxtkı hakimiyyətin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddiaları irəli sürdü. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında rejimin xalqımıza qarşı apardığı anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq kütləvi mitinq başlandı. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı.

XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. Bu tarixi andan başlayaraq

Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.

Ölkəmiz ilk müstəqillik dövründə bir çox çətinliklərlə üzləşsə də, ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında tamamilə yeni mərhələ başlandı. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş  etdirdi.

Bir çox qırğınlara və çətin sınaqlara sinə gərən və bu yolda neçə-neçə oğullarını qurban verən Azərbaycan artıq azad və müstəqil ölkədir. İllər ötdükcə, Azərbaycan Respublikası Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində dünya ölkələri sırasında öz yerini daha da möhkəmləndirir.