İnternet kəsintisinin səbəbləri


Baxıldı : 172

Tarix : 2016-01-30 04:37:00


Ölkəmizdə vətəndaşlara göstərilən xidmətlərin qənaətbəxş olmadığı dəfələrlə vurğulanıb. İstər kommunal, istərsə də digər xidmət sahələrində problemlər yaşanır. Kommunal xidmət göstərən qurumlar istənilən vaxt elektrik enerjisini, suyu, qazı və telefon xəttini kəsir. Bu barədə vətəndaşların öncədən xəbərdar edilməsi təqdirəlayiqdir. Heç olmasa əhali günün hansı hissəsində işıqsız, qazsız və susuz qalacağını bilir. Amma internet kəsintisi insanları birincilərdən daha pis duruma salır. Çünki insanların əksər işləri internetdən asılıdır. İnternet kəsintisi işləri iflic edir. Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, provayder və ya telefon qovşağı internet çəkilişi zamanı xətlərin dayanıqlığını yoxlamalıdır: Burada əsas problem provayderdə, sizə interneti verən telefon qovşağındadır. İstifadəçi internet çəkdirən zaman müəyyən sürət seçir və buna əsasən müqavilə bağlayır. Əgər istifadəçidən asılı olmayan səbəblərdən müqavilədə qeyd edilən və hər ay abunə haqqı ödənilən internet sürəti zəifləyir və ya kəsilirsə, istifadəçi buna görə provayderi məhkəməyə verə bilər\ .Hüquqşünas Yaşar Ağazadə deyir ki, bu halda tərəflər arsında bağlanılan müqavilələrə baxmaq lazımdır: \ Adətən xidmət göstərən şirkətlər həmin müqavilələri öz maraqlarına uyğun tərtib edirlər. Amma istənilən halda bu problemlə üzləşən vətəndaşlar və ya hüquqi şəxslər yuxarı dövlət qurumlarına və məhkəməyə müraciət edə bilər. Konkret internet kəsintisi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmək olar. Bu nazirlik əhalinin müraciətlərinə həssas qurumdur. Daxil olan bütün müraciətlərə lazımi reaksiya verir. Əgər internetin kəsintisi ilə hansısa şəxsə maddi ziyan dəyibsə, bu ziyanın ödənilməsini də məhkəmə vasitəsilə tələb etmək olar. Amma bunun üçün həm də həmin şəxslərin əlində ziyanın məbləğini əks etdirən sənədlər olmalıdır\ . O.Gündüzün sözlərinə görə, internetdə xüsusi sürət proqramı ilə əslində real sürətin nə qədər olduğunu təyin etmək olar: İnternetin sürətindəki problemin xətlərdə ola bilmə ehtimalı ilə razılaşıram. Kəndlərdə və Bakı ətrafında belə hallar ola bilər. Mərkəzdə olan sürət problemi isə əsasən provayderlərin aldatması ilə bağlı olur\ . Xalid AZƏR