Nüfuz əməli fəaliyyətlə qazanılır


Baxıldı : 56

Tarix : 2020-01-31 16:13:41


Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Radio, Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində 696 nəfər işçi çalışır. İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi öz işini bu insanların tələb, istəyi və ehtiyaclarını nəzərə almaqla qurur. Komitənin sədri Nəzakət Mahmudova deyir ki, həmkarlar ittifaqı lideri, fəalı həm istehsal prosesini, həm də işçilərin maraqlarını öyrənməlidir. Belə olan halda tənzimləyici funksiyasını qüsursuz yerinə yetirə bilər. Biz apardığımız müayinə nəticəsində əmək şəraiti ağır olan peşələrin və bu peşələrdə çalışan insanların dəqiq siyahısını tərtib etmişik. Tərəfdaşlarımızla 2018-2020-ci illər üçün bağladığımız kollektiv müqavilədə həmin kateqoriyadan olan işçilərin sağlamlığına, əməyinin təhlükəsizliyinə xidmət edən maddələrə geniş yer verilmişdir. Kollektiv müqaviləyə əsasən zərərli sahələrdə işləyənlər mütəmadi tibbi müayinədən keçirilir, fərdi mühafizə vasitələri ilə təchiz olunurlar. Qanunvericiliyə uyğun olaraq onlara əlavə məzuniyyət, güzəştli pensiya təminatı, sanatoriyalara, pansionatlara, istirahət evlərinə pulsuz yollayışlar verilir. Qısaldılmış iş günündə çalışırlar. BHİK əmək qanunvericiliyinə nəzarət funksiyasını tələb olunan qaydalara uyğun həyata  keçirir. İstehsalat Birliyi rəhbərliyinin təşəbbüsü ilə işçi işdən çıxarılarkən mütləq həmkarlar ittifaqının razılığı alınmalıdır. Yəni bu barədə HİK-ə müraciət olunur. Komitədə işəgötürənin nümayəndəsinin və ya nümayəndələrinin iştirakı ilə müraciətə baxılır və obyektiv qərar çıxarılır. İşçilərin məzuniyyət cədvəli də həmkarlar ittifaqı tərəfindən təsdiq olunur. BHİK-in sədri attestasiya komitəsinin sədri seçilir. O, attestasiyanın obyektiv və qərəzsiz keçirilməsinə nəzarət edir.

İşçilərin asudə vaxtlarının, istirahət günlərinin səmərəli təşkili də komitənin fəaliyyət dairəsinə daxildir. Biz bir az əvvəl zərərli sahələrdə çalışan işçilərin müalicə, istirahət ocaqlarına göndərilməsini qeyd etdik. Yeri gəlmişkən deyək ki, bu üstünlükdən İstehsalat Birliyinin digər üzvləri də faydalanırlar. Təkcə ötən il bayram və qeyri-iş günlərində həmkarlar ittifaqı komitəsi respublikamızın dilbər guşələrinə işçilərin kollektiv səfərini təşkil etmişdir. Bu da onların sağlamlığına müsbət təsir göstərən mühüm tədbirlərdəndir.