Nüfuzu işimizlə qazanırıq


Baxıldı : 33

Tarix : 2019-11-25 05:19:37


Bəri başdan deyim ki, nə rayonumuzun əhalisi, nə də ittifaqımızın üzvlərinin sayı əksər bölgələrlə müqayisədə bir o qədər də çox deyil. Sıralarımızda cəmi 69 ilk həmkarlar ittifaqı komitəsi və 2100-dən bir qədər artıq üzv birləşir. Amma fəaliyyət istiqamətlərimizə gəlincə, burada fərq bir o qədər də nəzərəçarpan dərəcədə deyil, bəlkə də yoxdur. Biz də, sahə Hİ-nin digər təşkilatları kimi, iş planı tuturuq və işimizi bu plana uyğun qururuq. İş planına baxsanız görərsiniz ki, fəaliyyət dairəmiz nə qədər genişdir. Bura üzvlərin hüquqlarının müdafiəsi, sanator-kurort yollayışları ilə təminatı, güzəştli iş rejimi, əməyin mühafizəsi, təhlükəsiz iş şəraitinin yaradılması, ittifaq üzvlərinin asudə vaxtlarının təşkili, pedaqoji işçilərin dərs vaxtlarının bölgüsü, xəstəlik vərəqələrinin təlimata uyğun ödənilməsi, əməkhaqlarının, müavinətlərin vaxtında hesablanıb verilməsi və sair daxildir.

Bütün bu sadaladıqlarım gündəlik işimizdir. Bunlardan əlavə, öhdəliklərimiz də var ki, onun daha böyük hissəsi stimullaşdırma ilə bağlıdır. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi bir çox həvəsləndirici tədbirlərdə iştirak etmək üçün üzvlərimizi səfərbər edirik. Onların bu tədbirlərdə layiqli yer tutmaları üçün müəssisə rəhbərlikləri ilə birlikdə hazırlıq işləri aparırıq. Ehtiyac yarandıqda büdcəmizdən vəsait də ayırırıq. Belə tədbirlərə misal kimi “Sağlam və təhlükəsiz əmək”, “İlin ən yaxşı mütəxəssisi”, “İlin ən yaxşı ilk təşkilatı”, “İlin peşəkar gənci” baxış-müsabiqələrini göstərə bilərəm. Qürurvericidir ki, hər il bu baxış-müsabiqələrin qalibləri sırasında bizim rayonun da nümayəndələri olub. Onlar həm Respublika Komitəsi, həm də rayon komitəsi tərəfindən mükafatlandırılıblar.

Biz komitəyə daxil olan müraciətlərə də həssas yanaşırıq. Müraciətlərin hər biri diqqətlə araşdırılaraq cavablandırılır. İttifaq üzvlərinin tələb və şikayətləri ilə bağlı izahat verilir, məsələlərin həlli istiqamətində operativ işlər aparılır. Bir neçə kənd məktəbində dərs saatlarının, əməkhaqların və təqaüdlərin hesablanmasında qüsura yol verilmişdi. Bu problemlər tərəfimizdən aradan qaldırılmışdır.

Rayon komitəsi həmçinin rayon səviyyəsində təşkil edilən ictimai tədbirlərdə də yaxından iştirak edir. Bu sırada rayonda aparılan yaşıllaşdırma və abadlıq işlərində həmkarlar ittifaqı üzvlərinin fəaliyyəti xüsusi qeyd edilməlidir.

Bununla yanaşı, gənclər siyasəti ilə əlaqədar tədbirlərdən də kənarda qalmırıq. Gənclərin vətənpərvərlik tərbiyəsi, istedadlı və yaradıcı gənclərə qayğı göstərilməsi fəaliyyətimizin əsas istiqamətlərindən birini təşkil edir. Qeyd edim ki, 2 Fevral-Gənclər Günündə dəfələrlə rayon komitəsi rayonun “Gənclər parkı”nda ittifaqın fəal üzvlərinin sərgilərini təşkil etmiş və bayram tədbiri keçirmişdir. Bu tədbirdə yüzlərlə ittifaq üzvü iştirak etmişdir. Bundan başqa, hər il tədbirlər planına əsasən, məktəblərdə rayon Gənclər və İdman İdarəsi ilə birlikdə “Narkomaniya bəşəri bəladır” mövzusunda seminar təşkil olunur.

Rayon komitəsinin əməkdaşları təhsil ili ərəfəsində gənc müəllimlərlə ayrı-ayrılıqda görüşür. Onların məskunlaşması, mənzil şəraitlərinin yaxşılaşdırılması ilə maraqlanır. Deyilən problemlərin həllinə köməklik göstərilir. Kənar rayonlardan gələn gənc müəllimlər ardıcıl olaraq həmkarlar ittifaqı təşkilatının mənəvi dəstəyini öz üzərində hiss edirlər. Bütün bunlar təşkilatımızın rayon ictimaiyyəti arasında nüfuzunu artırır.

 

Azər ƏKBƏROV,

TİAHİ Yardımlı Rayon Komitəsinin sədri