Nüfuzu işimizlə qazanmışıq


Baxıldı : 58

Tarix : 2018-01-26 20:45:37


Nümayəndəsi olduğum Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında işçilərin əmək hüquqlarının müdafiəsi başlıca mühüm vəzifə olaraq qarşıya qoyuldu.

Deyildi ki, bir çox hallarda müəssisələrin maraqları işçilərin mənafeyindən üstün tutulur. Belə hallara qarşı həmkarlar ittifaqları qəti barışmaz mövqe tutmalıdır.

Bizim təşkilat ötən qurultayın bu tapşırığını fəaliyyətinin ana xəttinə çevirmişdir. İstisna olmadan hər bir işçinin əmək hüququna işəgötürən tərəfindən yanaşma diqqətdə saxlanılmışdır. Ötən il universitemizdə 317 nəfər attestasiyadan keçirilmişdi. Onlardan bir neçəsinin hazırlıq səviyyəsi qeyri-qənaətbəxş hesab olunmuşdu. Mən şəxsən, attestasiya komissiyasının üzvü kimi, həmin müəllimlərin bəzilərinin həyəcandan və ya buna bənzər səbəblərdən sıxıldığını, amma əslində savad etibarilə həmkarından geri qalmadığını müşahidə etmişdim. Bunları nəzərə alaraq komitəmiz 12 nəfər doktorant işçinin vəzifəsində qalmasını təklif etdi. Təklifimiz qəbul olundu. Attestasiyadan keçməyən 4 işçi isə xahişimizlə başqa vəzifəyə keçirildi.

6 müəllimin tədris ilinin ortasında, müddəti bitdiyi üçün, əmək müqavilələrinə xitam verilmişdi. Burada heç bir qanun pozuntusu yox idi. Amma məsələ burasında idi ki, bu müəllimlər tədris ilinin sonuna qədər işsiz qalmalı olacaqdılar. Komitəmizin tövsiyəsi ilə əmək müqaviləsinin müddəti daha bir neçə ay uzadıldı.

Rəhbərlikdən HİK-ə 126 nəfər  işçinin ixtisarı ilə bağlı təqdimat daxil olmuşdu. Komitə ixtisara salınanların fəaliyyətini araşdırdı. Məlum oldu ki, ixtisara salınmaqla 15 nəfər işçinin hüququ pozulub. Hər biri öz iş yerinə bərpa olundu. 68 nəfər isə, müvəqqəti də olsa, vakant iş yerlərinə yerləşdirildi.

Gətirdiyim faktlardan belə çıxmasın ki, komitəmiz işini təkcə müraciətlər əsasında qurur. Biz komitənin müvafiq komissiyaları vasitəsilə mövcud vəziyyəti, universitetin imkanlarını, işçilərin arzu və təkliflərini öyrənirik. Əldə etdiyimiz məlumatların daha səmərəliləri, reallığa uyğun gələnləri kollektiv müqavilələrdə əksini tapır. Məsələn, universitemizdə çalışan 23 nəfər 2-ci, 3-cü qrup əlil işçinin əməkhaqqına, müvafiq olaraq, 25,15 faiz əlavə ödənc məsələsinin kollektiv müqavilədə əksini tapmasını təklif etmişdik. Təklifimizin reallaşmasına nail olduq.

Biz ittifaq üzvlərinin həm əmək, həm də sosial hüquqlarının qorunması, işinin layiqincə qiymətləndirilməsi üçün gücümüz çatan qədər nə lazımsa edirik.

Qurultayda söz alsam, təbii ki, ilk növbədə qazandığımız uğurlardan danışacağam. Amma təhsilimizin, təhsil işçilərinin problemləri də var ki, onları da diqqətə çatdıracağam, təkliflərimi irəli sürəcəyəm.

 

Vaqif ƏLİYEV,

Azərbaycan Dövlət Pedaqoji

Universitetin Həmkarlar

İttifaqı Komitəsinin sədri