Ünvanlı ...


Baxıldı : 222

Tarix : 2016-08-05 10:29:00


Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciəti yalnız ailə üzvü edə bilər, yoxsa nümayəndə vasitəsilə də müraciət etmək olar?Zabitə ƏSGƏROVA,Mingəçevir şəhəri.- Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş \ Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\ nın 2-ci bəndinə əsasən, ünvanlı dövlət sosial yardımın alınması üçün müraciəti ailəni təmsil edən hər bir yetkinlik yaşına çatmış və əmək qabiliyyətli ailə üzvü edə bilər. Belə şəxs olmadıqda isə ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs sosial yardımın alınması üçün müraciət edə bilər. Bu cür şəxslərin müraciət etməsi üçün ailəyə təyin ediləcək ünvanlı dövlət sosial yardımının rəsmiləşdirilməsi məqsədilə ailənin 18 yaşına çatmamış üzvləri özləri barədə məlumat verən, onların hər birinə aid gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sorğusu əsasında ona təqdim edilməsinə razılıqlarını bildirən, həm də ailə üçün 2 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün təmsil edən şəxs qismində qeydə alınmasını xahiş edən ərizə forması doldurmalı və notariusda təsdiq etdirməlidirlər. Vəsiyyətnamə hansı formada və kimlər tərəfindən tərtib olunur?Şəbnəm MİRİYEVA,Sumqayıt şəhəri.- Mülki Məcəlləyə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar şəxslər sırasından bir və ya bir neçə şəxsə qoya bilər ki, bu da vəsiyyət adlanır.Vəsiyyət edən şəxs vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs olmalıdır (Mülki Məcəllə, 1167-ci maddə).Qanunvericilik vəsiyyətin hansı formada tərtib olunmasını birbaşa göstərmişdir. Tələbdən məlum olur ki, vəsiyyətnamə şifahi edildikdə hüquqi qüvvəsi olmur. Adıçəkilən Məcəllənin 1179.1. maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) kimlər şikayət verə bilər?Mirzə ABİDOV,Lerik rayonu.- 28 dekabr 2001-ci ildə \ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında\ qanun qəbul edildi. Qanunda insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydası da müəyyən edilmişdir. 8-ci maddəyə əsasən, Ombudsman Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə Ombudsmana şikayəti üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. Bəzi hallarda şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları şəxsin razılığını almadan da verə bilərlər. Belə ki, hüquqları pozulmuş şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətsiz olduqda və sair hallarda Ombudsmana şikayət verilərkən razılıq alınması tələb olunmur.Qanunvericilik şikayətin verilmə müddətini də müəyyən etmişdir. 8.4. maddəyə əsasən, şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində müvəkkilə göndərilməlidir (8.5. maddə).Dövlət orqanları müvəkkilə şikayət verə bilməzlər.2016-cı il aprelin 1-i tarixinə qədər Mingəçevir Şəhər Təhsil Şöbəsində mühasib işləmişəm. Hər il əmək məzuniyyətinə çıxmışam. 2015-ci ilin məzuniyyətinə işimlə əlaqədar çıxa bilmədim. Onun müqabilində 2016-cı ilin yanvarında kompensasiya verildi. Təhsil şöbəsində struktur dəyişkənliyi ilə əlaqədar 31 mart 2016-cı il tarixdən işdən çıxarıldıq, həmin ilin aprelin 01-dən ƏMHM-ə mühasib keçirildim.İşdən çıxarıldığım üçün son hesab verilərsə, 12 ay əvəzinə 3 ayın əməkhaqqını yığıb mənə son hesab veriləcəyini bildirdilər. Bunun nə dərəcədə düzgün olub-olmadığını bilmək istərdim. Son hesab verilərkən kompensasiyanın məbləği aylıq əməkhaqqına aiddirmi?Rəna MƏSİMOVA,Mingəçevir şəhəri.- Sizə 2016-cı ilin yanvarında Əmək Məcəlləsinin 135-ci maddəsinə uyğun olaraq istifadə etmədiyiniz əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilmişdir.Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən isə, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.Mart ayında əmək müqaviləsinə xitam verilibsə, qanunvericiliyə əsasən, onda Sizin üçün son haqq-hesab ancaq 3 ayın orta aylıq əməkhaqqından hesablanıb ödəniləcək. Bu hesablanma müəssisənin mühasibləri tərəfindən aparılır.Əlavə olaraq son haqq-hesab verilərkən əmək məzuniyyətinə görə aldığınız kompensasiyanın orta aylıq əməkhaqqına daxil olub-olmaması da Sizi maraqlandırır. Bildiririk ki, Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən, orta əməkhaqqı-işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin Əmək Məcəlləsində və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyənləşdirilməsi barədə Nazirlər Kabineti qərar qəbul etmişdir. 15 iyul 2000-ci ildə 126 №-li Qərarla \ Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı\ təsdiq olunmuşdur. Həmin Siyahı Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallar üçün orta əməkhaqqı hesablanarkən tətbiq edilir. Həmin Siyahıda istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyalar orta əməkhaqqı hesablanarkən nəzərə alınmayan ödənclərin sırasına daxil edilmişdir.Təşkilatın mühasibləri düzgün olaraq son haqq-hesabı 3 aylıq orta əməkhaqqından hesablayır və istifadə etmədiyiniz əmək məzuniyyətinə görə kompensasiyanı orta aylıq əməkhaqqına daxil etmirlər.Cinayət əməlinə görə cərimənin maksimum məbləği nə qədərdir? Ödənilmədikdə cərimə başqa cəza növü ilə əvəz edilə bilərmi?Şahin HÜSEYNOV,Yardımlı rayonu.- Qüvvədə olan qanunvericiliyə görə, cəza sosial ədalətsizliyin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir (Cinayət Məcəlləsi, maddə 41.2.).Cinayət Məcəlləsində cəza növü kimi cərimə də nəzərdə tutulmuşdur.Cərimə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilmiş pul məbləğidir. Adıçəkilən Məcəllənin 44.2. maddəsinə əsasən, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla on min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur.Cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödənilməlidir. Cərimə ödənilmədiyi halda məhkəmə icraçısı məhkumu cərimənin məcburi tutulacağı barədə xəbərdar edir. Cərimə üzrlü səbəbdən ödənilmədikdə məhkum ərizə ilə məhkəməyə müraciət edərsə, məhkəmə cərimənin ödənilməsinin altı ayadək təxirə salınması və ya cərimənin hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər.Cərimə müəyyən edilmiş müddətdə ödənilmədikdə onun icrası məhkumun əmlakına və ya əməkhaqqına yönəldilir.Bütün bu hərəkətlərdən sonra da cərimə ödənilməzsə, onda məhkəmə əsas cəza kimi təyin edilmiş cərimənin məhkəmə icraçısının təqdimatına əsasən, ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edə bilər. Sosial yardım nağd alınır, ya bank vasitəsilə verilir? Bu yardımı ayda neçə dəfə almaq olar?Adilə VƏZİROVA,Bakı şəhəri.- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş \ Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\ nın 4.1. bəndinə əsasən, sosial yardım ayda bir dəfə verilir. Sosial yardım aztəminatlı ailənin yaşayış yeri üzrə banklar vasitəsilə ödəniş kartı ilə ödənilir.