Ünvanlı sosial yardımların müddəti artırılacaq


Baxıldı : 325

Tarix : 2015-02-14 03:25:00


Ünvanlı sosial yardımların müddəti artırıla bilər. Bu həftə Milli Məclisin Sosial Siyasət Komitəsinin iclasında \ Ünvanlı dövlət sosial yardım\ haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Yeni təklif edilən dəyişikliyə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə yox, 2 il müddətinə təyin olunacaq. Artıq layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib. Sosial yardım müddətinin artırılması məmur bürokratiyasına son qoyulması, vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial durumunun yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Əgər vətəndaşlar əvvəllər 6 ay, sonralar isə 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd düzəltmədən iki il bu hüquqdan istifadə imkanı əldə etmiş olacaqlar. Bəzi ekspertlər isə düşünür ki, ünvanlı sosial yardım meyarlarına da yenidən baxılmasına ehtiyac var. Heç bir imkanı olmayan, işsiz qalan, pensiya ala bilməyən şəxslərə bəzən ünvanlı sosial yardım verilmir. İmkanı elə də pis olmayan insanların ünvanlı sosial yardım alması halları hələ də qalır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səylərinə baxmayaraq, ünvanlı sosial yardımla bağlı problemlər tam aradan qaldırılmayıb.Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, ünvanlı sosial yardımların verilməsi ilə bağlı müddətin artırılmasına birmənalı yanaşmaq doğru olmazdı: \ Bu addım atılarkən ilk öncə insanların bürokratik əngəllərdən azad edilməsi məsələsi önə çəkilib. Amma ötən illərin təcrübəsi göstərir ki, ünvanlı sosial yardım yoxsulluğun azaldılmasında ciddi rol oynaya bilmədi. Çünki yoxsul kimdir sualının cavabının özü bir qədər qeyri-müəyyəndir. Ünvanlı sosial yardımların verilməsində də kənarlaşma xətası deyilən bir anlayış var. Bəzi insanlar yoxsul ola-ola bu yardımdan yararlana bilmirlər. Bəzi insanlar isə yoxsul deyil, amma müəyyən yollarla bu yardımlardan yararlanır. Belə olan halda bu tədbirlərin gözlənilən nəticəni verdiyini tam demək olmur. Ola bilər ki, bir müddət sonra ünvanlı sosial yardımların verilməsi müddəti üç ilədək də artırılsın. Bu addımlar ancaq bürokratik əngəlləri aradan qaldıracaq\ .Xalid AZƏR