Obyektiv yanaşmalar...


Baxıldı : 233

Tarix : 2015-01-17 12:25:00


Yaxşılar dəyərləndirildi, problemlər ortaya qoyulduTİAHİ Respublika Komitəsinin 30 sentyabr 2014-cü il tarixli \ 2015-ci ilin yanvar-mart aylarında ilk təşkilatlarda hesabat-seçki yığıncaqlarının keçirilməsi barədə\ qərarına uyğun olaraq Səbayel rayon komitəsinin xidmətində olan təhsil müəssisələrində hesabat-seçki yığıncaqları müvəffəqiyyətlə davam edir. Respublika Komitəsinin hesabat-seçkilərlə bağlı təlimati məktubunu aldıqdan sonra rayon komitəsi bütün ilk təşkilatların liderlərinin və fəallarının iştirakı ilə seminar keçirmişdir. Seminarda hesabat-seçki yığıncaqlarının keçirilmə tarixi elan olunmuş, iclas üçün lazımi sənədlər paylanmışdır. Cədvələ uyğun olaraq 49, 50, 51, 87, 91, 162, 163, 203, 219, 239 saylı məktəblərdə hesabat-seçkilər başa çatmış, demokratik, açıq səsvermə yolu ilə kollektivin hörmətini və etimadını doğruldan, bacarıqlı ittifaq üzvləri sədr seçilmişlər. Seçkilərin keçirilməsi barədə sənədlər, müzakirələrdə qaldırılan problemlər rayon komitəsinə təqdim edilmişdir.Məlum olduğu kimi, kollektiv müqavilənin vacib şərtlərindən biri işçilərin sosial müdafiəsidir, bu məsələ 162 və 203 saylı məktəblərdəki ilk təşkilatların hesabat-seçki yığıncaqlarında diqqət mərkəzində olmuşdur. Çıxışlarda qeyd olunmuşdur ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş öhdəliklər tam yerinə yetirilmir. Ona görə də məktəblərin yeni seçilmiş rəhbərləri ilə həmkarlar ittifaqları qüvvələrini birləşdirməli, işçilərin sosial problemlərini birlikdə həll etməyə səy göstərməlidirlər. 2 saylı liseydə, 163, 50, 51 saylı məktəblərdə pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin artırılması üçün müntəzəm olaraq treninqlərin keçirilməsi, metodiki tövsiyələrin verilməsi, kurikulum tətbiq olunması müsbət dəyərləndirilmişdir. Lakin ordakı öyrənmə metodlarının daha müasir səviyyədə aparılması arzu olunmuşdur. Müəllimlərin dərs cədvəllərinin hazırlanmasında, işçilərin iş rejiminin müəyyənləşdirilməsində, azyaşlı uşaqları olan müəllimlərin, işləyən əlillərin problemlərinin həllində həmkarlar ittifaqı təşkilatının fəallığının az olması 49, 219, 239 saylı məktəblərin iclaslarında qeyd edilmişdir.Hesabat-seçki yığıncaqları bütün təşkilatlarda qurtardıqdan sonra qeyd olunan nöqsanlar, verilən təkliflər həmkarlar ittifaqı təşkilatlarının sədrləri və təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə keçiriləcək ümumi yığıncaqda müzakirə ediləcək, müvafiq tədbirlər görüləcək. B.RZAYEV