Oda pənah aparanın ocağı sönməz


Baxıldı : 790

Tarix : 2015-02-28 03:04:00


Novruz bayramına bir aydan da az vaxt qalıb. Baharın yaxınlaşması ilə artıq havalar isinir, təbiət oyanır. Bayrama qədər olan vaxt ərzində yazın gəlişini tərənnüm edən 4 çərşənbənin hər biri insanlar tərəfindən xüsusi təmtəraqla qeyd olunur. Bu ilaxır çərşənbələrdən ikincisi el içində \ ikinci çərşənbə\ , \ xəbərçi çərşənbə\ , \ üskü çərşənbə\ , \ od çərşənbə\ və yaxud \ addı çərşənbə\ kimi tanınır və qədim insanların günəşə, oda olan müqəddəs inamını ifadə edir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.Od müqəddəs hesab edilir. Bununla bağlı xeyli atalar sözləri də var. Məsələn, \ Odla zarafat eləyən ağlar qalar\ , \ Oda pənah aparanın ocağı sönməz\ . Qədimdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla paklar, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklanmamış uşaq murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inamın və buna əsaslanan xüsusi mərasimin çox aydın izi bu gün də \ Çevir ocağa, al qucağa\ kimi atalar sözlərində yaşamaqdadır. Od çərşənbəsi əski görüşlərlə bağlı olub günəşə, oda, odu qoruyub saxlamaq inamına, tapınma ilə əlaqədar yaranmışdır. Zərdüşt görüşlərindən hələ çox - çox əvvəl insanlar təbiəti canlandıran, yeri isidən günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdirmişdir. Belə bir etiqad yaranmışdır ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər isinər, insanlara xoşbəxtlik gətirər. Od çərşənbəsində insanların tonqal qalayaraq üzərindən tullanmağı və bu zaman bütün ağırlığın, şərin odla yanacağına inam şamanizmin oda təmizləyici kimi baxmasından qalan adətlərdir. Şamanizmə görə, od insana sağlamlıq verə, onun ağırlığını götürə bilir. İşığın, günəşin gücünə inanan qədim insanlar elə təsəvvür edirdi ki, odun-alovun köməyi ilə ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən şər qüvvələri qovub uzaqlaşdıracaqlar. Odun qalanması dolayısıyla həm də günəşin, yazın çağırılması mərasimidir. Maraqlıdır ki, yalnız od çərşənbəsində deyil, digər çərşənbələrdə də tonqal qalanması vacib sayılır. Amma mərasimlərdəki bu elementlər, sadəcə, təqlid deyil. İnsanlar günəşi yerdə canlandıraraq ondan qeyri-adi enerji almaq istəyirlər. Üzərindən atlanmaqla müqəddəs bir enerji qazanmış olurlar. Od ilə bağlı, o cümlədən Od çərşənbəsi ilə bağlı bir çox nəğmə, mif, atalar sözü, tapmaca və rəvayət bu gün də yaşamaqdadır.AZƏR