Ödəmə terminalları narazılığa səbəb olur


Baxıldı : 107

Tarix : 2018-09-29 02:35:02


Son günlər şəhərin müxtəlif ərazilərində dayanacaqlarda quraşdırılan “MilliÖN” ödəmə terminallarının və informasiya monitorlarının normal işləməməsi vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Bu narazılıqları araşdırmaq məqsədilə bir neçə dayanacağa baş çəkdim. Binəqədi rayonu, Azadlıq prospektində yerləşən dayanacaqlardan birində məbləği terminala daxil etsəm də, karta heç bir ödəniş olmadı. Qəbzdə isə xəta baş verdiyi əks olunmuşdu. Daha bir neçə dayanacaqda da terminalların işləməməsini müşahidə etdim.

“MilliÖn” elektron ödəmə sisteminin baş ofisi ilə əlaqə saxladım. Oradan bildirildi ki, vətəndaşlarımızın bəzən kartı terminaldan tez götürdükləri, ya da düzgün yerləşdirmədikləri üçün ödəniş həyata keçmir, bloklaşır və əməliyyat yarımçıq qalır. Buna görə də terminal işləmir.

Yol məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, bu, çox ciddi bir problemdir. Vətəndaşlar tərəfindən, demək olar ki, hər gün şikayətlər daxil olur: “Öncə onu qeyd edim ki, iki cür ödəmə terminalı var: “BakıKart” ödəmə terminalları və ona inteqrasiya olunan “MilliÖn” aparatı. Belə hallarla qarşılaşdıqda vətəndaş qəbzi kartla bir yerdə şirkətə təqdim etməlidir. Şirkət də öz sistemi vasitəsilə bunu yoxlayıb zərərçəkənin ödədiyi vəsaiti geri qaytarmalıdır.

Digər bir problem isə, bəzi terminalların qəpik qəbul etməməsi ilə bağlıdır. Buna daha çox “MilliÖn” aparatlarında şahid oluruq. Əslində qəpiyin götürülməməsi sistemin natamam işləməsindən xəbər verir.

Olduqca vacib digər bir nüansı da qeyd etmək istəyirəm. “BakıKart” ödəmə terminallarına bəzən 50 qəpik ödəmə edirsən, aparat onu 20 qəpik göstərir. Təbii ki, məbləğ az olduğu üçün vətəndaşlar buna göz yumurlar. İnsanların pullarının bu formada itirilməsi və ya “aparat tərəfindən” mənimsənilməsi yolverilməzdir”.

Ekspert informasiya monitorlarındakı problemdən də danışdı. Dedi ki, sistem işlək vəziyyətdə deyil. Bəzi  avtobus sürücüləri GPRS sistemini bilərəkdən qoşmurlar, yaxud da sistem özü keyfiyyət cəhətdən çox aşağı olduğu üçün yüklənmələrə səbəb olur. Nəticə etibarilə sistemdə çökmə halları baş verir. Hazırda bu məsələ aidiyyəti qurumlar tərəfindən xüsusi nəzarətə götürülüb və Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı artıq müəyyən işlər həyata keçirir. Böyük ehtimalla yaxın zamanlarda sistemin yenidən bərpa olunacağının, texnoloji cəhətdən daha təkmil şəkildə qurulacağının şahidi olacağıq.

 

Aliyə SƏMƏDOVA