Ödənilən vəsaitin bir hissəsi geri qaytarılacaq


Baxıldı : 428

Tarix : 2020-01-31 16:08:01


2019-cu ildən qüvvəyə minən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsi müştəriyə qaytarılmalıdır. Ancaq bu proses yubadılsa da, artıq fevral ayından etibarən pərakəndə ticarət və ya ictimai iaşə (restoran, kafe, çayxana və s.) fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin nağdsız ödəmələr üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq.

 

Geri ödəmə necə həyata keçiriləcək? Bu proses xidmət sektorunda da tətbiq olunacaqmı? Prosesin həyata keçirilməsinə nəzarət necə qurulacaq?

İqtisadçı-ekspert Vüqar Bayramov məsələyə aydınlıq gətirdi. Bildirdi ki, nağd ödənişlər zamanı ƏDV-nin 10 faizi bonus şəklində, kartla ödəniş zamanı isə 15 faiz ƏDV şəklində  vətəndaşın plastik kart hesabına köçürüləcək: “Tutaq ki, vətəndaş ay ərzində 1000 manatlıq alış-veriş edib, min manatlıq alış-verişin 18 faiz ƏDV-si var və bu da 180 manat edir. Əgər vətəndaş həmin 180 manatı plastik kart vasitəsilə ödəyibsə, o zaman onun 15 faizi vətəndaşın plastik kart hesabına ödəniləcək. Əgər nağd şəkildə ödəniş edibsə, o zaman həmin 180 manatın 10 faizi vətəndaşın hesabına geri qaytarılacaq. Və nəticədə vətəndaş, ƏDV-nin dərəcəsinə uyğun olaraq, ödəniş etdikdən sonra ödədiyi vəsaitin bir hissəsini geri almaq hüququna malik olacaq”.

Ekspert prosesin yubadılması barədə məsələyə də münasibət bildirdi: “Artıq bu ilin əvvəlindən etibarən prosesə başlanılacaq. Vergi Məcəlləsində bu haqda maddələr nəzərdə tutulub. Və bunun da reallaşacağı qanunda əks olunub. Prosesin yubanması sırf texniki məsələdir. Belə ki, bunun reallaşması smart kassaların, yəni yeni nəsil kassaların tətbiqi ilə bağlıdır. Yeni nəsil kassalar tətbiq olunduqdan sonra bu prosesə başlanılması gözlənilir. Ona görə də əsas ticarət obyektlərində yeni nəsil kassaların tətbiqi həyata keçirildikdən sonra ƏDV-nin istehlakçısına, yəni vətəndaşa ödənişinin bir hissəsinin qaytarılması  tətbiq olunacaq. Nəzərə alsaq ki, ticarət və iaşə obyektlərində artıq post-terminallar məcburidir, ona görə də ƏDV ödəyən bütün obyektlərdə 2020-ci ilin yanvarın 1-dən etibarən post-terminalın quraşdırılması məcburi xarakter daşıyır. Bunun üçün qəbzləri harasa təqdim etməyə ehtiyac yoxdur, çünki artıq yeni nəsil kassa aparatları ödəniş edən zaman bütün məlumatları mərkəzləşdirilmiş şəkildə vergi orqanlarına ötürəcək və vergi orqanları artıq həmin məlumatlar əsasında praktik olaraq bonus hesablamasını və vətəndaşa ödənişini həyata keçirə biləcək. Bu təkcə ticarət obyektləri və marketlər üçün deyil, həm də xidmət müəssisələri və şirkətlər üçün də keçərlidir. Ancaq bunun üçün təbii ki, həmin qurumun, həmin obyektin ƏDV ödəyicisi olmasına ehtiyac var. O zaman ƏDV ödəyicisi olan bütün obyektlərin, supermarketlərin, xidmət müəssisələrinin və şirkətlərin xidmətindən istifadə edən və istər məhsul, istər xidmət alışı həyata keçirən vətəndaşlar ƏDV-nin bir hissəsini bonus formasında geri almaq imkanına malik olacaqlar”.

Prosesə nəzarət mexanizmindən danışan V.Bayramov dedi ki, proses elektron qaydada olduğuna görə sistem vasitəsilə prosesə nəzarət mümkün olacaq və şəffaf həyata keçiriləcək.

 

Aliyə SƏMƏDOVA