Ödənişlərin azlığı etiraza səbəb oldu


Baxıldı : 33

Tarix : 2017-12-22 22:28:37


 

Amazon online ticarət şəbəkəsinin İtaliyada yerləşən anbar və logistika mərkəzinin işçiləri tətil keçiriblər.

Ölkənin FİLCAMS CGİL həmkarlar ittifaqının təşkil etdiyi tətilə səbəb çalışanların normadan artıq işlə yüklənməsi və xüsusi günlər üçün bu iş qarşılığında əlavə ödənişin verilməməsidir. İttifaqın sədri Fiorenzo Molinari məsələ ilə bağlı “Reuters” agentliyinə açıqlama verib. O deyib ki,  Piaçenza yaxınlığında şəbəkəyə məxsus müəssisənin işçiləri tələb olunan hər iki növbə üzrə iki saat artıq çalışmanı rədd edib: "Müəssisə ətrafında aksiyalar keçirilir. Tətilin dekabrın 31-nə qədər davam etdirməyi nəzərdə tuturuq. Bu gün təkcə İtaliyada deyil, digər Avropa ölkələrində də Amazonun anbar işçilərinə və logistika çalışanlarına təyin olunan maaşların azlığı və düzgün qurulmayan iş qrafiki etirazlara zəmin yaradır".

Tətildən sonra İtaliyanın əmək nazirliyi anbarda iş şəraitinin yoxlanılması üçün  xüsusi nümayəndə təyin edib. Müəyyən olunub ki, şirkət tətil səbəbindən xidməti axsatmamaq üçün yeni il ərəfəsində müvəqqəti işçi hesabına fəaliyyət göstərməyi planlaşdırır.