Öhdəliklər vaxtında və tam yerinə yetirilir


Baxıldı : 159

Tarix : 2016-12-16 23:14:39


Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dekabrın 9-da keçirilmiş VI plenumunda ilk olaraq “Sahə həmkarlar ittifaqının əhatə etdiyi müəssisələrdə əməyin mühafizəsinin vəziyyəti və qarşıda duran vəzifələr" məsələsinə baxılmışdır. Bu məsələ barədə sahə Hİ Respublika Komitəsinin baş texniki əmək müfəttişi Nazim Babayev məruzə etmişdir.

 Məruzədə deyilmişdir ki, Respublika Komitəsinin “Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və yerli həmkarlar ittifaqı təşkilatlarının cəmiyyətin aşağı strukturları ilə bağladıqları kollektiv sazişdə, kollektiv müqavilələrdə əməyin mühafizəsinə dair öhdəliklərə geniş yer ayrılmışdır. Bu öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi işində həmkarlar ittifaqları nəzdində fəaliyyət göstərən müvafiq komissiyaların xidmətləri diqqətəlayiqdir. Komissiya üzvləri HİK-lərin tərtib etdikləri cədvələ əsasən, istehsalat obyektlərində yoxlamalar aparır, baxışlar keçirirlər. Nəticələr təhlil olunur və komitədə müzakirəyə çıxarılır. Müzakirələrə məsələsinə baxılan istehsalatların rəhbərliyindən nümayəndələr də dəvət olunur.

Məruzədə qeyd olundu ki, son illər müəssisə və təşkilatlarda işçilərin əmək şəraitinə, sanitar-gigiyena tələblərinə, xüsusi geyim və ayaqqabı ilə təminatına diqqət artırılmışdır.

"Azərenerji" ASC-nin müəssisə və təşkilatlarında işçilərin texniki hazırlığı, təhlükəsizlik texnikası və yanğına qarşı qaydalar üzrə bilikləri yoxlanılır. Müəssisələrin fəaliyyəti ilə bağlı proqramlar işlənmişdir və "Energetika müəssisə və təşkilatlarında işçilər ilə aparılan işə dair rəhbər göstərişlər"ə əsasən, mütəmadi olaraq imtahanlar keçirilir. ASC-də imtahan komissiyasının işində Respublika Komitəsinin baş texniki əmək müfəttişi də iştirak edir.

Müəssisə və təşkilatlar arasında hər il əməyin mühafizəsi üzrə baxış-müsabiqə keçirilir.

Müsabiqənin əsas məqsədi istehsalat zədələnmələrinin profilaktikasını, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını, dövri tibbi müayinələrin, təhlükəsizlik texnikası günlərinin, əks-qəza və əks-yanğın məşqlərinin keyfiyyətlə keçirilməsini təmin etməkdir.

Baxış-müsabiqənin qalib müəssisələrinə Respublika Komitəsi tərəfindən qiymətli hədiyyələr verilir.

“Azərenerji"nin 6700, “Azenco" ASC-nin və "STP" MMC-nin onlarla işçisi müəssisənin hesabına bədbəxt hadisədən sığorta olunmuşdur. Müəssisə və təşkilatlarda baş vermiş bədbəxt hadisələr Respublika Komitəsinin Rəyasət Heyətində müzakirə edilir, müəssisə rəhbərlərinə və həmkarlar ittifaqı komitələrinə müvafiq tövsiyələr verilir. Sahə həmkarlar ittifaqı sosial tərəfdaşlığın bərabərhüquqlu tərəfi olaraq əməyin mühafizəsi sahəsində qanunvericiliyə, qaydalara və normalara riayət edilməsi üzərində ictimai nəzarəti təmin etməli, bu işdə işəgötürənlərlə, dövlət nəzarəti orqanları ilə sıx əməkdaşlıq etməli və məsələlərin həllində konstruktiv mövqe tutmalıdır.

Natiq bildirdi ki, xidmətimizdə olan müəssisələrdə əməyin mühafizəsi ilə bağlı həyata keçirilən tədbirlər diqqətdə saxlanılır. Vaxtaşırı Respublika Komitəsinin baş texniki əmək müfəttişi ilk təşkilatlarda olur. Vəziyyəti araşdırır, tövsiyələrini verir, lazım gəldikdə əməli kömək göstərir.

Məruzə ətrafında müzakirələrdə Azərbaycan İstilik Elektrik Stansiyasının HİK sədri Fariz Məhərrəmov, Abşeron Regional Elektrik Şəbəkəsinin HİK sədri Eldar Ocaqquliyev, Şahdağ Elektrik Stansiyasının  HİK sədri Rauf Minhacov, Sumqayıt Yüksəkgərginlikli Elektrik Şəbəkəsinin HİK sədri Vüsət Cəfərov, Sumqayıt Texnologiyalar Parkının HİK sədri Zülfüqar Aslanov və başqaları çıxış etdilər.

Respublika Komitəsinin sədri Rafiq İldarov yekun sözü söylədi.

Plenumda 2017-ci ildə sahə həmkarlar ittifaqında hesabat-seçki kampaniyasının keçirilməsi haqqında məsələ müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.

İttifaqın 2017-ci il üçün büdcəsi təsdiq olundu.