Ölkə iqtisadiyyatının perspektivli sahəsi


Baxıldı : 164

Tarix : 2017-04-08 04:30:24


Aprelin 6-8-dək Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər "AITF 2017" sərgisi keçirilmişdir. Turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrinin qatıldığı bu sərgi regionun həm daxili, həm də xarici turizm dinamikasını yaxından təqdim edib.

Sərgi haqlı olaraq səyahətlər birjası hesab olunur. Belə ki, burada yerli turizm şirkətləri təklif etdikləri səyahət marşrutları portfoliosunu genişləndirmək, iştirakçı ölkələr isə Azərbaycanda daxili və xarici turizm axınını artırmaq imkanı qazanırlar. Hazırkı sərgi dünyanın 22 ölkəsindən 272 şirkəti bir araya toplamaqla, 90-dan artıq müxtəlif xarici turizm istiqamətini, eləcə də ölkə daxilində istirahət imkanlarını yenidən ziyarətçilərin diqqətinə təqdim edir. Sərgidə 17 milli və regional stend nümayiş olunur. Milli stendlər arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailand, Türkiyə və Çexiyanın stendləri, eləcə də "Roqaşka Slatina" (Sloveniya) və Stavropol (Rusiya) əyalətini təmsil edən regional təqdimatları yer alıb.

Bu il ilk dəfə olaraq Kolumbiya və Kuba Azərbaycandakı səfirliklərinin  dəstəyi ilə sərgidə milli stendlə iştirak edib.

Aprelin 5-də keçirilmiş mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri Aydın İsmiyev deyib ki, sərgi hər il Azərbaycanda turizm bazarının imkanlarını əyani göstərməklə ölkənin daxili turizm sektorunun inkişafında yaxından iştirak edir.

Azərbaycan Turizm Assosiasiyası (AzTA)  sədrinin müşaviri Müzəffər Ağakərimov qəzetimizə verdiyi müsahibədə bildirdi ki, Şərq ölkələrindən Azərbaycana çox böyük maraq göstərirlər. Qərb ölkələrindən turistlərin cəlb olunması üçün böyük işlərin görülməsi zəruridir. Beynəlxalq festivallar, yarışlar və tədbirlər avropalı turistləri cəlb edəcək. Bu ildən etibarən ildə iki dəfə - yaz və payız aylarında ölkəmizdə Shopping festivalı keçiriləcək. Bu da turizmin təbliğ və təşkilində mühüm rol oynayacaqdır.

Ekspert qeyd etdi ki, Prezident İlham Əliyev martın 30-da çimərlik turizminin inkişafı ilə bağlı 2017-2020-ci illərə aid tədbirlər planını təsdiqləyib. Bu da Xəzər dənizindən turizm baxımından daha səmərəli istifadəni təmin edəcəkdir. AzTA rəsmisi hesab edir ki, Azərbaycanda çimərlik turizmini inkişaf etdirmək üçün ilk növbədə Xəzər dənizinin sahillərində turistlərin dincəlməsi üçün şərait yaratmaq lazımdır: "Burada sanitar-gigiyenik qaydalara əməl edilməli, lazımi infrastruktur yaradılmalıdır".

Eyni zamanda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin Rusiyanın Həştərxan şəhərində keçirilən görüşündə dəniz boyunca dairəvi kruiz marşrutunun yaradılması barədə qərar qəbul edilib. Həmsöhbətimiz bildirdi ki,  Xəzər dənizinin potensialından istifadə etmək ölkəyə turistlərin daha çox gəlməsini sürətləndirəcək.

M. Ağakərimov bildirdi ki, gələn turistlər Azərbaycanda icra olunan yeni turizm növləri, o cümlədən sağlamlıq turizmi - Şahdağ, Tufandağ, Qalaaltı, Naftalan, Duzdağda yerləşən müalicəvi turlara böyük maraq göstərirlər.

Günel QULİYEVA