Ölkə təcrübəsindən nümunələr gətirildi


Baxıldı : 15

Tarix : 2019-10-04 17:50:24


Sentyabrın 15-dən 20-dək Belarusun paytaxtı Minsk şəhərində Brest qalasının 1000 illiyi ilə əlaqədar “İnşaatçı” Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin və Məclisinin növbəti iclası keçirilib. Tədbirdə “Sosial dialoq: üzv təşkilatlarda kollektiv müqavilələrin, sazişlərin hazırlanması, təsdiqi, həyata keçirilməsinin vəziyyəti. Problemlər” mövzusunda məsələyə baxılıb. Məruzə və çıxışlarda bildirilib ki, tərəflər arasında münasibətlərin qurulmasında sosial dialoq həlledici amildir. Kollektiv sazişlər, müqavilələr bağlanmasına nail olmaq həmkarlar ittifaqlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır. Təəssüflə qeyd olundu ki, əksər ölkələrdə bütün bunlar işəgötürənlər və hökumətlər tərəfindən müqavimətlə qarşılaşır. Gündəlikdə duran məsələyə Azərbaycan “İnşaat-İş” Həmkarlar İttifaqının sədri Umud Hüseynov da münasibət bildirib. O, çıxışında bu sahədə Azərbaycan təcrübəsindən danışıb. Baş Kollektiv Sazişin, kollektiv müqavilələrin inşaat sektorunda çalışan insanların əmək və sosial problemlərinin həllində yaratdığı imkanlardan konkret nümunələr gətirib.

Azərbaycan nümayəndə heyəti Brest qalasının 1000 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə də iştirak edib.

***

Sentyabrın 25-27-də  Ukraynanın Odessa şəhərində “İş yerlərində ayrı-seçkilik və zorakılığa qarşı mübarizə” mövzusunda seminar keçirildi. Subregional Qadın Həmkarlar İttifaqının III Konfransında Azərbaycan “İnşaat-İş” Hİ-nin gender bərabərliyi və qadın problemləri üzrə komissiyanın sədri Sevinc Hüseynova da iştirak edib. O bildirib ki, bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, qadınlar orada təmsil olunmasın. İqtisadiyyatda qadınların iştirakı daha da artır. Reallaşdırılan dövlət proqramlarının tərkibində gender məsələsi çox mühüm yer tutur. Müasir dövrdə qadınların iştirakı olmadan gender balansının formalaşdırılması mümkün deyildir.

Mövzu ilə əlaqədar digər ölkələrdən gəlmiş nümayəndələr də öz fikirlərini, təcrübələrini həmkarları ilə bölüşdülər.