“Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi”  mövzusunda növbəti maarifləndirici seminar


Baxıldı : 116

Tarix : 2019-09-06 19:16:37


Sentyabrın 6-da Mingəçevir şəhərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə  “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti silsilə maarifləndirici seminar keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.

Seminarda çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb. O bildirib ki, icbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq etməkdir.

C.Alxasov deyib ki, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı mühüm addımlar atılmaqdadır və artıq 2020-ci ilin yanvarın 1-dən sistem bütün ölkə ərazisini əhatə edəcək.

AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov respublika ərazisində icbari tibbi sığorta sisteminin tətbiqi prosesində həmkarlar ittifaqı təşkilatlarının üzvlərinin fəal iştirak etməsinin vacibliyini nəzərə çatdırıb. 

Sonra iştirakçılara icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı dünya ölkələrinin təcrübələri, xidmətlər zərfi çərçivəsində göstəriləcək ambulator, stasionar müayinə və müalicələr barədə məlumat verilib.  Pilot ərazilər üzrə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) tibbi statistik göstəricilər diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bundan əvvəl Quba, Qusar, Balakən, Qax , Zaqatala rayonlarında və Şəki şəhərində bu mövzuda maarifləndirici tədbirlər  təşkil olunub.