Ölkəmizin ən qədim və ən kütləvi ümumxalq bayramlarından biri


Baxıldı : 63

Tarix : 2020-03-14 17:30:54


Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biri Novruz bayramıdır. Bəşəriyyətin təkamülünün əsasını qoymuş əkinçilik və maldarlıq Yaxın Şərq xalqlarının, eyni zamanda Azərbaycan xalqının təsərrüfat həyatında mühüm rol oynamışdır. Novruz adət-ənənə-mərasim sistemi olaraq elə bir qlobal humanizm məzmununa, elə tarixi qədimliyə və utilitar mədəni-mənəvi zənginliyə malikdir ki, bu sistem içində milli məhdudluğa yer yoxdur. Burada milliliklə bəşərilik iç-içədir. Novruz elə nadir anlayışdır ki, orada həm də təbiətlə insan vəhdətdədir. Ən maraqlı cəhət budur ki, Novruz fəlsəfəsində xalqların və millətlərin təşəkkülü, inkişafı kodlaşdırılmışdır. Başqa sözlə, dünya xalqları Novruz rituallarını yaşatdıqları dərəcədə, Novruz, bir həyat tərzi olaraq, xalqların və millətlərin yaşamasına kömək etmişdir.

Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən - su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur. Hər çərşənbə bir ünsürlə əlaqələndirilir. İlk çərşənbə Su - yəni Bahara doğru çayların buz bağlayan hissəsi əriyib çaylara tökülür, torpaq yavaş-yavaş islanmağa başlayır. İkinci, çərşənbə Od çərşənbəsi adlanır. Bu anlama görə Bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayırlar. Üçüncüsü, Yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncü çərşənbə isə Torpaq çərşənbəsi adlanır. Torpağı ana təbiət - Allahımız su ilə islatdı, Günəşlə isitdi, onu yaratmağa hazırladı. Çərşənbələr arasında ən vacibi İlaxır çərşənbə hesab olunur. Həmin gün qədim ənənələrlə zəngin olur. 

Novruz bayramı, demək olar ki, Azərbaycanla yanaşı, bütün Şərqdə, xüsusilə də Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur.