Ölkəmizin onların intellektinə ehtiyacı var


Baxıldı : 250

Tarix : 2017-03-04 04:36:37


Ölkə başçısının 16 aprel 2007-ci ildə imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Sərəncamı tələbələrimizin beynəlxalq inteqrasiyasında vahid sistem yaratdı. Bununla da istedadlı gənclərimiz üçün dövlət hesabına xaricdə təhsil almaq imkanı yarandı.

Statistik məlumatlara görə, təkcə dövlət hesabına 8 ildə 2550 gənc dünyanın müxtəlif universitetlərində təhsil almağa göndərilmişdir. Təəssüf ki, onlardan müəyyən qismi ali təhsili başa vurduqdan sonra vətənə qayıtmaq arzusunda olmayıb. Bu nə ilə bağlıdır? Gənclərimizin əmək fəaliyyətini xarici ölkələrdə qalıb davam etdirməsi müsbət, yoxsa mənfi haldır? Bu və digər suallara aydınlıq gətirmək üçün ekspertə müraciət etdik.

Təhsil üzrə ekspert Kamran Əsədov  sözügedən Dövlət Proqramını xatırlatdı. Dedi ki, bu sənəd ölkəmizin iqtisadi davamlılığını artırmaq və ölkədə kadr potensialının dünya standartlarına cavab verməsi məqsədilə hazırlanıb: “Proqram təsdiq olunan vaxt nəzərdə tutulmuşdu ki, müəyyən edilmiş istiqamətlər üzrə 5 min Azərbaycan gənci dünyanın aparıcı universitetlərində təhsil alıb ölkəyə qayıtsın. 2007-2015-ci illər ərzində 3 mindən çox Azərbaycan gənci dövlət büdcəsi vəsaiti hesabına xarici universitetlərdə təhsil alıb. Məzunlar arasında əsas yeri Böyük Britaniya, Rusiya, Türkiyə, Fransa və Almaniyada oxuyanlar təşkil edir. Konkret olaraq bu ölkələrin hər biri üzrə 57-58 gənc var idi.

Bir məsələni də qeyd edim ki, 2016-cı ilə qədər xaricdə təhsil üzrə dövlət poqramının həyata keçirilməsinə 67 milyon manat vəsait xərclənmişdi. Başqa sözlə, 1 tələbəyə il ərzində ümumilikdə 20 min manata yaxın, 4-5 il ərzində isə 100-120 min manat vəsait sərf olunur. Bu vəsaitə təhsil alan 3 mindən çox tələbənin yol, qida xərcləri, təhsil haqqı və sair daxildir".

Ekspert qeyd etdi ki, dövlət büdcəsi hesabına təhsil alan gənclərdən indiyə qədər məzun olanlardan 118 nəfəri ölkəyə qayıtmayıb, 18 nəfər haqqında isə Təhsil Nazirliyində heç bir məlumat yoxdur. Qayıtmayanlar arasında 34 nəfər bakalavr pilləsini dövlət vəsaiti hesabına bitirib, ancaq növbəti pilləni, yəni magistri öz hesablarına davam etdirdikləri üçün orda qalıblar. 33 nəfər isə təhsil aldıqları ölkədə çalışırlar: "Azərbaycana qayıdan 342 nəfərdən 204-ü ölkəmizdə çalışır. Və bir məqamı da nəzərinizə çatdırım ki, xaricdə təhsil alanlardan hələ cəmi 7 nəfəri hərbi xidmətdə olub".

K.Əsədov dedi ki, Dövlət Proqramına əsasən, xaricdə təhsil alan həmin şəxslər Təhsil Nazirliyi ilə imzaladığı müqavilənin 5.2-ci maddəsinə görə, təhsillərini başa vurandan sonra 2 ay müddətində ölkəyə qayıtmalı və işləməliydilər: "Onu da deyim ki, xaricdə təhsil haqqında dövlət proqramında məzunların ölkəyə 2 ay müddətində qayıtmaları ilə bağlı bənd var. Ancaq bu, məcburi deyil. Bundan başqa, qayıdıb gələnlərin mütləq şəkildə 3, yaxud da 5 il dövlət müəssisəsində, dövlətin müəyyən etdiyi yerlərdə çalışması isə yalnız təklifdir. Yəni bu, maddədə məcburi hal kimi nəzərdə tutulmamışdı. Təhsil alan şəxs oxuduğu müddətdə müvəffəqiyyət qazanmasa, yaxud da növbəti kursa keçməsə, maliyyələşmə dayanır və ödənişin geri qaytarılma mexanizmi baş verir".

Ekspert xaricdə təhsil alan şəxslərin bəzilərinin qayıtmaması səbəbindən danışarkən qeyd etdi ki, indiki halda ölkəmizin onların intellektinə çox ehtiyacı var: "Çünki onların oxuduqları ölkələrin iqtisadi durumu və təhsil sistemi bizimlə müqayisədə irəlidədir. Və onların təcrübəsi bizim üçün faydalıdır. Etiraf edək ki, həmin ölkələrdə qazanc da kifayət qədər yüksəkdir.  Bunu bilən gəncin gəlib Azərbaycanda 300-400 manata işləməsi bir qədər çətindir.

Gənclərimizin təhsilini başa vurduqdan sonra geri qayıtmaması ilk növbədə ölkə üçün peşəkar kadr itkisinə səbəb olur. Həm də  qarşılığı olmadan kifayət qədər dövlət vəsaitinin Azərbaycandan kənara çıxması ilə nəticələnir.  Əgər bu Dövlət Proqramı yenidən qüvvəyə minərsə, ona gənclərimizin vətənə dönməsini təmin edə biləcək təsirli maddələr əlavə olunmalıdır”.

Aliyə SƏMƏDOVA