“Ölkəmizin suveren hüquqları barədə son söz yalnız bizimdir"


Baxıldı : 85

Tarix : 2020-11-14 07:55:19



Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident müraciətində bəyanatın mətni ilə xalqı tanış edib. Bildirib ki, bu bəyanat bizim şanlı qələbəmizdir. Ölkə başçısı deyib ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz - bütün bunlar, ordu quruculuğu, təbii ki, bu qələbəmizi şərtləndirdi: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi.  Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!”
Bəyanatda əksini tapmış maddələr Azərbaycanın maraqlarını təmin edirmi? Xalqımızı düşündürən bu suala millət vəkili Bəhruz Məhərrəmov və ehtiyatda olan polkovnik Şair Ramaldanov aydınlıq gətiriblər.  
-Dağlıq Qarabağda idarəçilik sistemi hansı qaydada olacaq? 
Millət vəkili Bəhruz Məhərrəmov deyib ki, bu gün, barəsində danışdığımız bəyanatla biz bütün ərazilərimizin işğaldan azad olunmasına nail olduq. Bəyanatda Dağlıq Qarabağın hər hansı statusundan söhbət getmir və bunu cənab Prezident də bildirib. Əgər status yoxdursa, Dağlıq Qarabağ anlayışı və belə bir muxtar vilayət də artıq yoxdur. Deməli, oradakı rayonlar respublikamızın digər ərazi vahidləri kimi eyni qaydada fəaliyyət göstərəcəklər. Şimal bölgəmizdə, yaxud cənub bölgəmizdə digər xalqlar necə yaşayırsa, ermənilər də həmin qaydada bizim Azərbaycanın ərazisində yaşayacaqlar. Ancaq  burada söhbət hüququ olanlardan gedir, Ermənistan hakimiyyəti tərəfindən başqa ərazilərdən, məsələn, Suriyadan, Livandan gətirilənlərdən, qanunsuz miqrantlardan getmir. 
Millət vəkili deyib ki, geniş müzakirə olunan başqa bir məqam, Azərbaycan ərazisinə Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlıdır. Təəssüflə qeyd edim ki, nədənsə bəzi dairələr bu məsələləri erməni və muzdlu rus mediasının təbliğatı prizmasından qiymətləndirir. Lakin, ondan başlayaq ki, bu, Azərbaycan ərazisində rus hərbi bazasının qurulması deyil, yalnız müvəqqəti sülhməramlı missiyadır və bu missiyanın fəaliyyəti üzərində beynəlxalq nəzarət olacaq. Missiyanın qarşısında tapşırıqlar konkretdir, özfəaliyyət və suverenliyimizə hörmətsizlikdən söhbət gedə bilməz. Üstəlik, regionda güclü Türkiyə amili var- həm Azərbaycanın ən vacib müttəfiqi kimi, həm də atəşkəsə nəzarət mərkəzinin fəaliyyətində mühüm rola malik iştirakçı kimi. Daha da vacib olanı Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan Prezidentinin də açıq formada dediyi kimi, heç kim bizi heç nəyə məcbur edə bilməz. Bir sözlə, ölkəmizin suveren hüquqları barədə son söz yalnız bizimdir və bizim olaraq da qalır. Sülhməramlılar yalnız postmüharibə dövrü adaptasiya prosesi üçün lazımdır, üstəlik, erməni xüsusi xidmət orqanlarının Xankəndidə, yaxud bölgədə hər hansı başqa bir yaşayış məskənində ikinci Sumqayıt hadisələrinin törətmə ehtimalını sıfıra endirir və yaxud bu məsələdə Azərbaycanın məsuliyyətini ortadan qaldırır. 
- Əgər ermənilər bununla qane olmayıb hə r hansı bir təxribat törətsələr reaksiya necə olacaq?
Tarix boyu biz bu millətin təxribatçı əməllərinin şahidi olmuşuq. Erməni silahlı dəstələrinin uzun illər ərzində törətdiyi vəhşiliklər xalqımızın yaddaşından silinməyib. Bu illər ərzində xalqlar arasında barışmaz mövqe var. Həmin adaptasiya prosesini keçirmək üçün beynəlxalq sülhməramlı missiyadan istifadə olunması normaldır. Onların bu danışıqlardan sonra hansı addım atacaqlarını bilmirik. Amma istənilən halda qalib tərəf bizik. Qalib tərəflə razılaşmanın pozulmasından məğlub tərəf qorxmalıdır. Pozacaqlarsa Azərbaycan Ordusu ordadır, xalqımız həmin xalqdır. Ən əsası isə Cənab Ali Baş Komandan son sözünü deyib.  Ermənilər razılaşmanı pozarlarsa itirən yenə onlar olacaq. N.Paşinyanın açıqlamasından da məlum oldu ki, bu razılaşmanı hərbçilərin təkidindən sonra imzalamalı olub. Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, yenə də bunun əhəmiyyəti yoxdur.
- Bəyanatın tarixi əhəmiyyəti nədən ibarətdir?
Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, bu bəyanatla biz Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olduq. Özü də bunu minimum itki hesabına gerçəkləşdirdik. İşğal altında olan torpaqların 40 faizini savaşla aldıq. Qalan hissəni isə siyasi savaş meydanında əldə etdik. Ona görə də bu bəyanat həm tarixidir, həm də vacibdir. Bu bəyanatın əsas müəllifi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Həm döyüşlər zamanı silahlı qüvvələrimizin apardığı uğurlu əməliyyat hesabına Şuşada bayrağımızın ucaldılmasına nail olduq, həm də siyasi savaş meydanında nailiyyətlər qazandıq. Cənab Prezident həmişə deyib ki, düşmənin işğal olunmuş ərazilərdən çıxması ilə bağlı cədvəl təqdim edilməlidir.  Artıq cədvəl də var, tarixlər də bəllidir. Bu, danılmaz faktdır ki, başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan Respublikası qalibdir. Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə nail olduq. 
Bilirik ki, bu danışıqlarda ermənilər çox etibarsız tərəfdir. Azərbaycan silahlı qüvvələri bütün lazım olan ehtiyat tədbirlərini görüb. Və hər an hansısa təxribata adekvat cavab verə bilər. Əməliyyat şəraitinə Azərbaycan nəzarət edir. Ermənistanda ziddiyyətli proseslər gedir. Ancaq buna baxmayaraq, artıq sənəd qəbul olunub. Rusiya sülhməramlılarından ibarət hərbi qüvvə də artıq buradadır. Deməli, erməni tərəfi bəyanatda nəzərdə tutulanları yerinə yetirməyə məcburdur.

Azər MUSTAFAYEV