Ötən ilin nəticələri yüksək qiymətləndirildi


Baxıldı : 87

Tarix : 2020-02-07 15:00:11


Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının 2019-cu ilin yekunlarına həsr olunmuş plenumu keçirilib. Plenumda ittifaqın sədri Mehman İsmayılov hesabat məruzəsi  ilə çıxış edib.    

Bildirib ki, ittifaqımızın təşkilatçılığı ilə nazirliyin əməkdaşlarının mədəni istirahəti və asudə vaxtlarının mənalı keçirilməsi istiqamətində işlər görülüb. Üzvlərimizin azyaşlı uşaqları üçün 31 dekabr -  Dünya Azərbaycanlılarının Həmrəylik Günündə, Yeni il və Novruz bayramlarında şənliklər təşkil edilib. 2 fevral - Gənclər Günü, 8 Mart - Beynəlxalq Qadınlar Günü və digər bayramlar təntənəli qeyd olunub. Vəzifə borcunu yerinə yetirərkən xüsusi fərqlənmiş və yubiley yaşı tamam olmuş əməkdaşlar ittifaqımız tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

İttifaq üzvlərinin sağlamlığını qorumaq və qurumlararası əlaqələri intensivləşdirmək məqsədilə nazirliyin idman-sağlamlıq klubu, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə 13 idman növü üzrə yarışlar keçirilib.

İttifaqımız “Gənc xilasedici” VII Beynəlxalq yarışın və “Gənc xilasedici və yanğınsöndürən”  VIII Ümumrespublika birinciliyinin, “Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika uşaq yaradıcılıq müsabiqəsinin, nazirliyin qurumları arasında keçirilən bir sıra idman tədbirlərinin təşkilində yaxından iştirak edib. Maddi durumu çətin olan və vəzifə borcunu yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardım göstərilib.

Bundan əlavə, təşkilatımız Fövqəladə Hallar Nazirliyinin Akademiyasında məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbirə, “Xəmsə” intellektual bilik yarışına dəstək verib.

Əməkdaşlarımız il ərzində dəfələrlə Mülki Müdafiə Qoşunlarının Bərdə və Qəbələdə yerləşən hərbi hissələrində, həmçinin Müdafiə Nazirliyinin Ağdamda yerləşən hərbi hissəsinin ön cəbhədə xidmət aparan əsgərləri ilə görüşüblər. Onlara bayram sovqatı və xatirə hədiyyələri təqdim ediblər.

Dekabrın 12-13-də nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətində və Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan bir qrup fəal əməkdaşının ümummilli lider Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil  olunub.

M.İsmayılov dedi ki, beynəlxalq əlaqələrin qurulması, inkişafı sahəsində də fəaliyyətimizi davam etdirmişik. Belə ki, ötən il noyabr ayında Belçikanın İctimai Xidmətlər üzrə Çoxkateqoriyalı Federasiyası ilə əməkdaşlığın yaradılmasına köməklik göstərilməsi məqsədilə Belçika Krallığının ölkəmizdəki səfirinin müşaviri Denis Naets ilə görüşmüşük. Həmin ərəfədə ittifaqımızın dəvəti ilə Türkiyənin Bayındır Memur-Sen Həmkarlar Təşkilatının nümayəndələri Bakıda qonaq olublar. Təşkilatlarımız arasında qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Plenumda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxış edib. O, ittifaqın il ərzində gördüyü işlərə münasibətini bildirib, görülən işləri yüksək qiymətləndirib.

Tədbirdə digər məsələlərə də baxılıb.

Sonda nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Pənah Məhərrəmova 70 illik və Aviasiya Dəstəsi İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Azad Kərimova 60 illik yubileyləri münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və FHN İHİ-nin Fəxri fərmanları təqdim edilib.