Özünü və ətrafındakı  insanların həyatını riskə atma


Baxıldı : 74

Tarix : 2020-11-14 07:45:14



Laqeydliyimiz koronavirusun yayılmasına rəvac verir
Artıq dünyada payız mövsümü ilə əlaqədar koronavirusa yoluxma halları artıb. Ölkəmizdə son həftələrdə gün ərzində COVID-19-a yoluxan vətəndaşlarımızın sayı 1000 nəfəri keçib. Bu çox ciddi rəqəmdir və əhali arasında təlaş yaradır. Payız-qış mövsümündə xəstəliyin özünü daha sərt büruzə verəcəyi gözlənilirdi. Bu haqda 1 saylı Kliniki Tibbi Mərkəzin həkim-terapevti Eldar Kamranov bizə məlumat verdi. Bildirdi ki, biz respirator xəstəliklərin artımı mövsümünə daxil olmuşuq. Digər xəstəliklərlə yanaşı, epidemioloji vəziyyətin sürətlə artım dinamikasını müşahidə edirik. Bundan əvvəlki günlərdə virusa yoluxanların sayı 1600 nəfəri keçib. Təəssüflər olsun ki, bu vəziyyət daha da kəskinləşə bilər.
 İyul ayının 17-si tibb işçiləri günündən etibarən bizim xəstəxana ancaq COVID-19  xəstələrini qəbul etməyə başladı. Bir müddət vəziyyət  ürəkaçan idi. Xəstələrin sayı çox aşağı düşmüşdü. Xatırladım ki, virusun ölkəmizə ayaq açdığı ilk gündən dövlətimiz qabaqlayıcı tədbirlər gördü. Sərhədlərin vaxtında bağlanması, sərt karantin rejiminin tətbiq edilməsi, böyük xəstəxanaların, bir mənalı olaraq, COVID-19 xəstələrinin ixtiyarına verilməsi, modul tipli yeni xəstəxanaların yaradılması, kifayət qədər çarpayının ayrılması kimi tədbirlər müsbət nəticə verdi. Ölkəmizdə dərman təchizatı, tibbi ləvazimatlar  ilk gündən çox yüksək səviyyədədir. Süni tənəffüs aparatları, ekstrokoraparal oksigen aparatı (ağır xəstələr üçün daha incə aparatdır) bütün bu mühüm təchizatlar dövlət tərəfindən təşkil edildi. İndiyə qədər həmkarlarımla birlikdə gecə və gündüz nədir bilmirik. Xəstələrimiz üçün əlimizdən nə köməklik gəlirsə edirik. Xəstələrin vəziyyəti haqda təkcə həkimlər deyil, müdiriyyətimiz də hər gün məlumat alaraq yaxından maraqlanır.
Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, insanlar koronavirusa bir qədər laqeyd yanaşmağa başlayıblar. Maskalardan istifadə ciddi şəkildə azalmağa başlayıb. Dayanacaqlarda, ictimai nəqliyyat vasitələrində karantin qaydalarına əməl olunmur, sosial məsafəni gözləmirlər. Müharibə dövründə, xüsusilə Qələbə günündə insanlar karantin qaydalarını pozaraq kütləvi şəkildə toplaşdılar. Belə sürətlə yoluxmanın qarşısının alınması üçün insanlar bütün qaydalara əməl etməlidir. Hazırkı vəziyyətdə laqeydlik yolverilməzdir. Bu barədə sosial şəbəkələrdə, mətbuatda daim maarifləndirici məlumatlar paylaşılıb və paylaşılacaq. Bu istiqamətdə nəzarət gücləndirilməlidir. Havaların soyuması ilə əlaqədar xəstəlik çox sürətlə yayılır və öldürücü təsiri daha da artıb. Qarşıda bizi çox çətin günlər gözləyir. İnsanlar son dərəcə məsuliyyətli olmalıdır.
Eldar həkim dedi ki, COVID-19 yeni xəstəlik növüdür. Bütün dünya alimləri bu haqda ciddi araşdırmalar aparır. Lakin bu infeksiya haqda konkret söz demək çətindir. Çünki hər gün yeni bir xüsusiyyəti meydana çıxır. Həmkarlarımla birlikdə  koronavirusla bağlı maarifləndirici onlayn konfransları diqqətlə dinləyirik. Dünya alimləri təəssüf hissi ilə bildirir ki, bu xəstəlik hələ uzun müddət bizimlə olacaq. Artıq  həqiqəti qəbul edib hər kəs qaydalara riayət etməklə gündəlik həyatına davam etməlidir. COVID-19 infeksiyasına inanmayan da az deyildi. Onlar məsuliyyətsizlik ucbatından koronavirusa yoluxaraq, ağır şəkildə reanimasiyada müalicə alırlar. Həyatını itirənlərin çoxu həkimə gec müraciət edənlərdir. Vətəndaşlarımız çox diqqətli olmalıdır. Özlərində koronavirusun ilkin kliniki əlamətlərini müşahidə edən kimi həkimə müraciət etməlidirlər. Özlərinin və ətrafdakı insanların həyatını riskə atmamalıdırlar. 
Koronavirus infeksiyasının müəyyən risk qrupları var. 60 yaşdan yuxarı, şəkəri olan, böyrək çatışmazlığı olan, qan laxtalanma sistemində müəyyən problemlər olanlar və başqaları risk qrupuna aiddir. Bu virus elə bir ağır patologiyadır ki, həm tənəffüs sisteminə, həm ürək-damar fəaliyyətinə təsir edir, qanda trombositləri azaldır. Avropa ölkələrində 60 yaşdan yuxarı şəxslərin çölə çıxmasına icazə verilməməsi haqda qanun var. Onların gündəlik tələbatları dövlət tərəfindən yüksək səviyyədə təmin olunur və küçəyə çıxmalarna ehtiyac qalmır. Bununla da, az da olsa, virusun daha geniş yayılmasının qarşısı alınır.
“COVID-19 qidalar vasitəsilə də insan orqanizminə keçə bilər. Marketdə və ya bazarlarda əşyalara toxunarkən tibbi əlcəklərdən istifadə etmək lazımdır. Mütləq aldığımız məhsulları 1-2 dəqiqə yumalıyıq. Bişirmə prosesi virusları məhv etdiyi üçün yeməkləri 72 dərəcədə bişirməliyik”,- deyə E.Kamranov bildirdi.

Gülöyşə MƏMMƏDLİ