Oğlum anadangəlmə lal-kardır


Baxıldı : 75

Tarix : 2018-05-05 04:02:38


Oğlum anadangəlmə lal-kardır. 3 ildir Bakı 1 saylı lal-kar məktəbinin XI sinfini bitirmiş, orta təhsil haqqında attestat almışdır. Bilmək istəyirəm, övladım hər hansı peşəyə yiyələnsin deyə respublikamızda lal-kar övladlar üçün “Peşə təhsilli” təhsil müəssisəsi varmı? Əgər varsa, mən hansı sənədlərlə və hansı ünvana müraciət etməliyəm?

 

Fərzəli ƏLİYEV,

Yardımlı rayonu.

 

- “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunun 19-cu maddəsinə əsasən, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi, orta ixtisas və ali təhsili ümumi tipli təhsil müəssisələrində, zərurət olduqda isə xüsusi təhsil müəssisələrində həyata keçirilir. Bu məqsədlə həmin uşaqlar üçün təhsil müəssisələrinin ixtisaslaşdırılmış fakültələri və ya şöbələri təşkil olunur.

Peşə hazırlığı və əlavə təhsil adıçəkilən qanuna əsasən, fərdi reabilitasiya proqramına uyğun olaraq təhsil müəssisələrində, o cümlədən dövlət məşğulluq xidmətinin tədris mərkəzlərində, müəssisələrdə və təşkilatlarda əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım göstərən idarələr və onların ictimai təşkilatları ilə birlikdə təmin edilir.

Dövlət məşğulluq xidməti belə uşaqlara onların peşə hazırlığı, yeni peşə öyrədilməsi və məşğulluq imkanlarını müəyyən etmək məqsədilə peşə yönümü xidməti göstərilməsini təmin edir.

Sizin oğlunuz lal-kar uşaqdır. Respublikamızda belə uşaqlar üçün peşə hazırlığı təhsil müəssisələri hələ ki, yoxdur. Lal-kar uşaqlar üçün xüsusi peşə təhsili sistemi olmadığını nəzərə alıb, peşə yönümü xidməti göstərilməsi üçün Məşğulluq Xidmətinə müraciət edə bilərsiniz.

Amma nəzərə almaq lazımdır ki, ölkəmizdə sağlamlıq imkanları məhdudluğun və əlilliyin səbəbindən və növündən asılı olmayaraq belə uşaqları peşə təhsilinə cəlb edilməsi üçün müxtəlif Dövlət Proqramları qəbul edilib həyata keçirilir.

 

İşlədiyim müəssisədən işdən çıxıb eyni nazirliyə tabe olan başqa bir müəssisəyə işə düzəlmək istəyirəm. Bilmək istəyirəm ki, bunu köçürmə yolu ilə etmək mümkündürmü, yoxsa mütləq əmək müqaviləsi ləğv olunmalıdır?

 

Günəş VƏLİYEVA,

Bakı şəhəri.

 

- Qanunvericilik yalnız eyni müəssisənin daxilində işçinin başqa vəzifəyə köçürülməsinə yol verir. Qalan hallarda işçi ilə əmək müqaviləsinə xitam verilməli, işçi ilə son haqq-hesab aparılmalı və işçi ümumi qaydada o biri müəssisədə yeni əmək müqaviləsi bağlamaqla işə düzəlməlidir. Ona görə də Siz ümumi qaydada başqa işə keçməklə əlaqədar olaraq öz təşəbbüsünüzlə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etməli və yalnız əmək müqavilənizə xitam verildikdən sonra o biri işəgötürənlə yeni əmək müqaviləsi bağlanması üçün ərizə ilə müraciət edə bilərsiniz.

 

Yaxın rəfiqəm hamilədir, amma məhkəmənin hökmü ilə həbsdədir. Uşaq ana həbsdə olan vaxt doğulacaq. Bilmək istəyirəm, o, hamiləliyə və doğuma görə müavinət ala biləcəkmi?

 

Bəyim DADAŞOVA,

Bakı şəhəri.

 

- Bəli, ala biləcək. Qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 71-ci hissəsinə əsasən, həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət verilmirdi.

Lakin Nazirlər Kabinetinin 29 aprel 2014-cü il tarixli, 115 nömrəli qərarı ilə Əsasnaməyə dəyişiklik edildi və 71-ci hissə Əsasnamədən çıxarıldı. Qərar 04 may 2014-cü il tarixdə rəsmi qəzetlərdə dərc edildi və həmin tarixdən qüvvəyə mindi.

Bu dəyişiklikdən sonra əvvəllər Əsasnamənin 71-ci hissəsi ilə hamiləliyə və doğuma görə müavinətin ödənilməsinə qadağa qoyulan şəxslərin hamısına, o cümlədən həbsdə olan şəxslərə hamiləliyə və doğuma görə müavinət veriləcəkdir.