Öhdəliklərin yerinə yetirilməsinə nəzarət işin yarısıdır


Baxıldı : 734

Tarix : 2019-04-12 17:57:20


Aprelin 10-da Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı (SÖEYSİ Hİ) Respublika Komitəsi Gəncə şəhərində “Əməyin mühafizəsi və əmək sferasının gələcəyi” mövzusunda zona seminarı keçirmişdir. Ümumdünya Əməyin Mühafizəsi Gününə        (28 Aprel) həsr olunmuş tədbirdə sahə Hİ-nin ətraf rayonlarda fəaliyyət göstərən komitələrinin sədrləri və fəalları da qatılmışdılar.

Seminarı  SÖEYSİ Hİ Gəncə Şəhər Komitəsinin sədri Gülnarə Verdiyeva açdı. Komitənin xidmət dairəsində olan müəssisələrdə işçilərin sağlamlığı istiqamətində görülən işlərdən danışdı. Dedi ki, əməyin mühafizəsinə dair öhdəliklər müəssisələrin rəhbərləri ilə bağlanan kollektiv müqavilələrdə mühüm yer tutur.

Sahə Hİ Respublika Komitəsinin əməyin baş texniki müfəttişi Əliş İbrahimov tədbirdə geniş məruzə söylədi. Əvvəlcə bu əlamətdar günün yaranma səbəbləri və tarixi barədə məlumat verdi. Bildirdi ki, aprelin 28-i dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda müxtəlif formatlı tədbirlərlə qeyd olunur. Bildiyiniz kimi, əməyin mühafizəsi dövlətimizin iqtisadi siyasətinin tərkib hissəsidir. Təsərrüfatlarda baş vermiş istehsalat zədələnmələrinin qarşısının alınması, təhlükəli, zərərli iş sahələrinin ləğvi istiqamətində dövlət səviyyəsində ciddi işlər görülür.

İşçilərin təhlükəsiz iş yeri ilə təminatı həmkarlar ittifaqının da maraq dairəsindədir. AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin təşəbbüsü və təklifləri ilə Əmək Məcəlləsində, digər normativ-hüquqi sənədlərdə əməyin mühafizəsi ilə bağlı maddələrdə iş şəraitinin daha təkmil qorunmasına səbəb ola biləcək dəyişikliklər edilmişdir. Üzv təşkilatlarımızın tərəfdaşları ilə bağladıqları kollektiv müqavilələrdə əməyin mühafizəsi konkret və ətraflı maddələrlə əksini tapmışdır. Yaxşı haldır ki, həmkarlar ittifaqı komitələri kollektiv müqavilələr imzalamaqla vəzifəsini bitmiş hesab etmir Onun icrasını mütəmadi nəzarətdə saxlayır.

Ə.İbrahimov maarifləndirmə işinin, tərəfdaşlarla sosial dialoqun da təhlükəsiz iş şəraitinə nail olmaq təşəbbüsünün reallaşmasında böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

Məruzə ətrafında müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı.